Sahil Babayev: "Ötən il 668 milyon avroluq 31 yeni layihə təsdiqlənib"

Sahil Babayev: "Ötən il 668 milyon avroluq 31 yeni layihə təsdiqlənib"
"Azərbaycan nəqliyyat infrastrukturuna davamlı investisiyalar hesabına Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu daha da möhkəmləndirib".
Bunu maliyyə naziri Sahil Babayev Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, Bank dayanıqlılıq nümayiş etdirib, əməliyyat fəaliyyətini genişləndirib və inkişaf mandatı ilə əsas missiyasını uğurla yerinə yetirməyə davam edib:

"Ötən il əldə olunan nəticələr ümidvericidir. Ümumi dəyəri 668 milyon avrodan çox olan 31 yeni layihənin təsdiqlənməsi əvvəlki illə müqayisədə təxminən 81 faiz artım deməkdir. Əməliyyat portfelinin təxminən 1.5 milyard avroya çatması və güclü maliyyə nəticələri ilə birlikdə Bankın regional inkişaf institutu kimi aktuallığını və səmərəliliyini bir daha təsdiqləyir. Bu nailiyyətlər Bankın 2025-2026-cı illəri əhatə edən Orta Müddətli Strategiyası və Biznes Planının ikinci mərhələsinin icrasının ilk ilində əldə olunan mühüm irəliləyişi nümayiş etdirir. Eyni zamanda, onlar Bankın üzv ölkələrin dəyişən ehtiyaclarına operativ cavab vermək qabiliyyətini və inkişaf missiyasına sadiqliyini təsdiqləyir".

Nazir vurğulayıb ki, Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankına sadiq qalır və infrastruktur, bərpa olunan enerji, nəqliyyat əlaqələrinin inkişafı və maliyyə sektorunun inkişafı da daxil olmaqla, geniş sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsini səbirsizliklə gözləyir:

"Etibarlı enerji təchizatçısı və strateji tranzit mərkəzi kimi Azərbaycan regionda enerji təhlükəsizliyinin gücləndirilməsinin əhəmiyyətini tam şəkildə dərk edir. Hökumətimiz yaşıl keçid gündəliyimizə və iqlim öhdəliklərimizə uyğun olaraq bərpa olunan enerji sahəsinə irimiqyaslı investisiyalar həyata keçirir".

Mənbə: oxu.az