Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2026-cı il iyulun 1-nə əhalinin borc yükünün sərəncamında qalan gəlirlərinə nisbəti ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz bəndi artaraq 18,7%-ə çatıb.
İqtisadçı Xalid Kərimli bildirib ki, borc yükünün artması əhalinin borclarının sərəncamında qalan gəlirlərindən daha sürətlə artdığını göstərir. Lakin onun fikrincə, göstəricidəki cüzi dəyişiklik hazırda kritik vəziyyətin yarandığı anlamına gəlmir.
“Vergilər və digər ödənişlər çıxıldıqdan sonra əlimizdə qalan hər 100 manatın təxminən 18 manat 70 qəpiyini borca ödəyirik. Əvvəl bu məbləğ 18 manat 30 qəpik idi. Bu, təhlükəli dəyişiklik deyil. Göstərici hər dəfə cüzi arta və ya azala bilər. Əhəmiyyətli artım olarsa, narahatlığa əsas yarana bilər”, – deyə iqtisadçı bildirib.
Onun sözlərinə görə, borc yükünü qiymətləndirərkən əsas məsələ borclanmanın hansı istiqamətdə artmasıdır. Əgər sağlam borclanma artırsa, bu, ciddi problem yaratmaya bilər. Lakin borclanma riskli əhali qruplarının daha çox kredit götürməsi və ya yüksək riskli kreditlərin artması hesabına baş verirsə, gələcəkdə bank sektoru üçün də müəyyən problemlər yarana bilər.
X.Kərimli qeyd edib ki, borc yükünün istehlak kreditləri, kredit kartları və ya ipoteka kreditləri hesabına artması arasında fərq var. Məsələn, ipoteka kreditləri vətəndaşların mənzil şəraitini yaxşılaşdırırsa, bu cür borclanmaya mənfi yanaşmaq düzgün deyil. Bununla belə, mənzil qiymətlərinin artması ipoteka kreditlərinə tələbi də yüksəldə bilər.
İqtisadçı Mərkəzi Bankın statistikalarında istehlak kreditlərinin payının daha çox artdığını müşahidə etdiyini bildirib. Onun sözlərinə görə, istehlak kreditlərinin payının yüksəlməsi kredit kartlarından və ya digər istehlak məqsədli kreditlərdən istifadənin artması ilə bağlı ola bilər. Bu prosesə iki əsas amil təsir göstərir: qiymət səviyyəsinin yüksəlməsi və əhalinin istehlak xərclərində kreditlərin payının artması.
“Burada müasir texnologiyaların da rolu var. Onlayn və rəqəmsal kreditlər daha əlçatan olub. Mərkəzi Bank bunları izləyir və riskləri idarə etmək üçün zaman-zaman məhdudiyyətlər tətbiq edir”, – deyə X.Kərimli bildirib.
İqtisadçı xatırladıb ki, ötən il kredit kartları üzrə rəsmi gəlirin beş misli həcmində məhdudiyyət tətbiq edilib. Bundan başqa, istehlak kreditləri üzrə aylıq ödənişlərin gəlirin 45%-ni keçməməsi ilə bağlı məhdudiyyət mövcuddur. Yəni aylıq gəliri 1 000 manat olan şəxsin istehlak krediti üzrə aylıq ödənişi maksimum 450 manat ola bilər.
X.Kərimli bildirib ki, Mərkəzi Bank zaminlik üzrə borc yükünə də məhdudiyyət tətbiq edib. Onun sözlərinə görə, borc yükü 70%-ə çatan şəxslərin zaminlik imkanları da bu hədlə məhdudlaşdırılır və daha yüksək öhdəlik götürmələrinin qarşısı alınır. Bu tədbirlər borclanma ilə bağlı risklərin idarə olunmasına xidmət edir.
İqtisadçı vurğulayıb ki, borc yükü artdıqca əhalinin qazandığı vəsaitin daha böyük hissəsi banklara ödənilir, gündəlik xərclərə və yığıma ayrılan məbləğ isə azalır. Bu, xüsusilə gözlənilməz xərclər yarandıqda özünü göstərir. Xəstəlik, toy və yas kimi əlavə xərclər ailələrin maliyyə vəziyyətini daha həssas edə bilər.
“Əvvəl 100 manatın müəyyən hissəsini yığıma ayıra bilirdiksə, borc ödənişləri artdıqca həmin məbləğ azalır. İnsanların gəliri əsasən cari xərclərə və kredit ödənişlərinə yönəlir. Gözlənilməz hadisə baş verdikdə onların maliyyə dayanıqlığı zəifləyir”, – deyə o qeyd edib.
X.Kərimlinin fikrincə, hazırda borc yükünün 20%-dən aşağı olması ciddi risk yaratmır və vəziyyət idarəolunan hesab edilə bilər. Onun qiymətləndirməsinə görə, 20–30% aralığı artıq əlavə çətinliklər yarada, 30–40% səviyyəsindən sonra isə risklər daha da arta bilər.
Borc yükünün artmasının qarşısını almaq üçün Mərkəzi Bankın nəzarət tədbirlərinin davam etdirilməsinin vacibliyini vurğulayan iqtisadçı BOKT-larla bağlı yeni məhdudiyyətləri də qeyd edib. Onun sözlərinə görə, borcalanın maliyyə vəziyyəti pisləşdikdə müəyyən şərtlərlə borc qalığının 20%-i ödənilməklə 45 günlük cəriməsiz və faizsiz restrukturizasiya müddəti nəzərdə tutulub. Bu tədbir gündəlik, qısamüddətli kreditlər üzrə borcalanların vəziyyətinin yüngülləşdirilməsinə yönəlib.
İqtisadçı hesab edir ki, Mərkəzi Bankın kredit bazarına operativ müdaxilələri risklərin idarə olunmasına xidmət edir. Bununla yanaşı, borc yükünün qiymətləndirilməsində ümumi göstərici ilə yanaşı, kreditlərin növü, borclananların maliyyə imkanları və öhdəliklərini ödəmək qabiliyyəti də nəzərə alınmalıdır.
Vüsalə Hüseynova
Mənbə: www.bakupost.az