"AZCON Holding” şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasını növbəti "Airbus A320neo” tipli müasir təyyarə ilə gücləndirib.
Yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha rahat və müasir səyahət imkanlarının təqdim olunmasına xidmət edir.
Belə ki, "Airspace” kabini daha geniş salon, xüsusi oturacaqlar və böyük əl yükü bölmələri ilə sərnişinlərin rahatlığını artırır. Təyyarə, həmçinin müasir əyləncə sistemi, yüksəksürətli "Wi Fi” xidməti və biznes sinfində fərdi monitorlarla təchiz olunub.
"Airbus A320neo” yeni nəsil mühərriklərinə malik olduğundan daha az yanacaq sərf edir, karbon emissiyalarını azaldır və 6300 kilometrədək uçuş məsafəsi ilə regional və orta marşrutlarda səmərəli fəaliyyət göstərir.
Yeni hava gəmisinin donanmaya daxil edilməsi əməliyyat səmərəliliyinin artırılması, yanacaq sərfiyyatının və ətraf mühitə təsirin azaldılması, xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də yeni istiqamətlər üzrə uçuş imkanlarının genişləndirilməsi baxımından AZAL üçün xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, yeni hava gəmisi AZAL-ın 28 təyyarədən ibarət donanmasında sayca dördüncü "Airbus A320neo” modelidir.



Mənbə: azxeber.com