ABŞ İran neftinin satışına müvəqqəti icazə verdi

ABŞ İran neftinin satışına müvəqqəti icazə verdi

ABŞ Maliyyə Nazirliyi 20 mart 2026-cı ilədək tankerlərə yüklənmiş İran nefti ilə bağlı əməliyyatlara bir ay müddətinə icazə verən ümumi lisenziya yayıb.

Sənədə əsasən, neft və neft məhsullarının satışı, tədarükü və boşaldılması 19 aprel gecə yarısınadək mümkün olacaq. Həmçinin tankerlərin təhlükəsiz şəkildə limana yan alması və dayanması, heyətin təminatı, gəmilərin təmiri və digər əlaqəli proseslərlə bağlı maliyyə əməliyyatlarına da icazə verilir.

ABŞ-ın maliyyə naziri Skott Bessent bu qərarı “məhdud xarakterli” və “qısamüddətli” adlandırıb. Onun sözlərinə görə, bu addım bazara təxminən 140 milyon barel neft çıxarmağa imkan verəcək və qiymətlərə təzyiqi azaltmalıdır. Bessent vurğulayıb ki, Vaşinqton bu tədarüklərdən “Tehrana qarşı” istifadə etməyi planlaşdırır və “Epik qəzəb” əməliyyatını davam etdirir.

O, həmçinin qeyd edib ki, ABŞ maksimum təzyiq siyasətini saxladığı və İranın beynəlxalq maliyyə sisteminə çıxış imkanlarını məhdudlaşdırdığı üçün Tehranın bu satışlardan əldə olunan gəlirlərə çıxışı çətin olacaq.

Mənbə: olke.az