Bu barədə “Kyodo” agentliyi atom elektrik stansiyasının operatoru olan “Tokyo Electric Power” şirkətinə istinadən məlumat yayıb.
Məlumata görə, ümumilikdə hündürlüyü 10, diametri isə 12 metr olan 334 metal çən demontaj edilib. Qəzadan sonra tələsik polad lövhələrdən yığılan və boltlarla bərkidilən bu çənlərdə vaxtaşırı radioaktiv su sızmaları baş verirdi. Hazırda onlar sızma riski olmayan qaynaq edilmiş yeni rezervuarlarla əvəz edilib.
Sökülən çənlərin yüksək radiasiyaya məruz qalmış metal hissələri xüsusi konteynerlərdə AES-in təcrid olunmuş ərazisində saxlanılır. Gələcəkdə onların əridilərək utilizasiyaya hazırlanması üçün xüsusi sobanın inşası planlaşdırılır.
Xatırladaq ki, 2011-ci ilin martında baş verən sunami nəticəsində “Fukuşima-1” AES-də üç reaktor zədələnib və ətraf mühitə radioaktiv maddələr yayılıb. Hazırda reaktorların soyudulması üçün istifadə olunan su təmizləndikdən sonra yenidən dövriyyəyə buraxılır və qismən xüsusi çənlərdə saxlanılır.(Teleqraf)
Mənbə: olke.az