İranla davam edən müharibənin Körfəz bölgəsində gəmiçiliyə ciddi təsir göstərməsinə baxmayaraq, neft tankeri Hörmüz boğazından keçərək Birləşmiş Ərəb Əmirliklərinin limanına yollanıb. Bu, İranın Hörmüzü bağlamasından sonra qeydə alınan nadir səfərlərdən biri hesab olunur.
Bu barədə "Reuters" məlumat yayıb.
“Pola” adlı tanker martın 2-də Hörmüz boğazına yaxınlaşarkən AIS izləmə sistemini söndürüb. Tanker çərşənbə axşamı gəmi izləmə məlumatlarına və mənbələrə əsasən Əbu-Dabi sahillərində yenidən müşahidə olunub.
İki anonim mənbənin bildirdiyinə görə, tanker Tayland üçün Əbu-Dabinin “Murban” markalı xam neftini yükləmək məqsədilə Cebel Dhanna limanına istiqamət alıb.
"Reuters" qeyd edir ki, Tehranla ABŞ və İsrail arasında davam edən müharibə, həmçinin İranın Hörmüz boğazını bağlaması Körfəz bölgəsində naviqasiyanı demək olar ki, iflic edib. Nəticədə Qatar və İraq da daxil olmaqla bir sıra ölkələr neft hasilatını dayandırıb.
Akqabay
Mənbə: publika.az