Reyn çayının dayazlaşması səbəbindən Almaniyada sənaye istehsalı təhlükə altına düşüb.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Ölkənin əsas daxili su arteriyasında səviyyən o qədər aşağı düşüb ki, gəmilər yüklərin həcmini azaltmaq məcburiyyətində qalıblar. Bu vəziyyət nəqliyyat xərclərini artırır və sənaye müəssisələrinə kömür, neft, kimyəvi maddələr və digər xammalların çatdırılmasını çətinləşdirir.
Mövcud problemlər artıq Duysburqdakı "Thyssenkrupp" zavoduna da təsir göstərib. Metallurgiya şirkəti öz gəmilərinin fəaliyyətini dayandıraraq, dayazlaşmış çayda hərəkət edə bilən xarici gəmilərə keçib. Hər gəminin daha az yük daşıması səbəbindən BASF şirkəti də istifadə etdiyi gəmilərin sayını artırmaq məcburiyyətində qalıb.
"Suyun səviyyəsinin aşağı olmasının növbəti uzunmüddətli dövrü sənaye istehsalına yəqin ki, mənfi təsir göstərəcək", - deyə "Bloomberg Economics"in iqtisadçısı Martin Ademmer qeyd edib.
Onun sözlərinə görə, bu hal Almaniyanın onsuz da zəifləmiş sənaye sektoru üçün əlavə risklər yaradır. Bununla belə, hazırda şirkətlər Reyn çayının dayazlaşmasına əvvəlki analoji dövrlərlə müqayisədə daha yaxşı hazırlıqlıdırlar.
Dəmir yolu alternativlərinin çatışmazlığı problemi daha da ağırlaşdırır. Reynin sağ sahili boyunca uzanan əsas yük marşrutlarından biri təmir işləri ilə əlaqədar olaraq bağlanıb.
Mənbə: oxu.az