ABŞ-ın İrana qarşı iqtisadi təzyiqi güclənir, yeni tariflər və sanksiyalar qüvvəyə minir. ABŞ administrasiyası İranla bağlı yeni iqtisadi tədbirlər paketini açıqlayıb.
Ağ Ev tərəfindən yayımlanan sənəddə İran hökumətinin fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün “qeyri-adi və fövqəladə təhlükə” yaratmaqda davam etdiyi qeyd olunub.
Prezident Tramp tərəfindən imzalanan sərəncama əsasən, ABŞ İrandan birbaşa və ya dolayı yolla mal və ya xidmət alan ölkələrdən idxal edilən məhsullara əlavə gömrük rüsumları tətbiq edə biləcək. Bu rüsumların 25 faizə qədər artırılması mümkün sayılır.
Sənədə görə, ABŞ Ticarət Nazirliyi Dövlət Departamenti ilə birgə məsləhətləşmələr apararaq İranla ticarət əlaqələri olan ölkələri müəyyən edəcək. Qiymətləndirmənin nəticələri Prezidentə təqdim olunacaq və həmin ölkələrdən gələn məhsullara tariflərin tətbiqi və dərəcəsi barədə yekun qərar veriləcək.
Ağ Ev bildirib ki, Prezident İranın və digər ölkələrin reaksiyasından asılı olaraq fərmana dəyişiklik edə bilər. Xarici İşlər və Ticarət Nazirlikləri isə İran və əlaqəli ölkələrlə ticarət münasibətlərini izləyərək əlavə tədbirlər təklif edəcəklər. Sənəd 7 fevral 2026-cı ildən qüvvəyə minib.
Bununla yanaşı, ABŞ Maliyyə Nazirliyi İranla bağlı sanksiyaları genişləndirərək siyahıya 14 tanker əlavə edib. Sanksiyalar həmçinin Türkiyə, BƏƏ və Çində qeydiyyatdan keçmiş 15 şirkəti və iki fiziki şəxsi əhatə edir.
Dövlət Departamenti bildirib ki, bu tədbirlər İran nefti və neft məhsullarının qanunsuz ticarəti ilə mübarizə məqsədi daşıyır.
Mürtəza
Mənbə: olke.az