“Əldə olunan məbləğ şəhid övladlarının təhsilinə yönəldiləcək”

“Əldə olunan məbləğ şəhid övladlarının təhsilinə yönəldiləcək”

“Mən 40 il pilot, gəmi kapitanı qismində AZAL-da fəaliyyət göstərmişəm. Hadisə baş verəndən sonra heyətin hansı çətinliklə üzləşdiyini çox yaxşı bilirəm. Bu hadisədən sonra mən bəlkə də 100 dəfə özümü o heyətin yerinə qoymuşam. Düşünmüşəm ki, mən həmin vəziyyətdə nə edərdim. Heç bir cavab tapa bilməmişəm. Bu günə qədər də təəccüblənirəm”.

Bu sözləri “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti İlham Əmirov “J2-8243” reysinin anımına həsr olunmuş poçt markasının təqdimat mərasimində deyib.

“Poçt markası bəzən kiçik bir kağız parçası kimi görünə bilər, amma əslində o, bir ölkənin, millətin tarix və mədəniyyətinin daşıyıcısıdır. “J2-8243” reysinin anımına həsr olunmuş poçt markasının buraxılışı həm ölkə daxilində, həm də beynəlxalq miqyasda mühüm mənəvi əhəmiyyət daşıyır.

Ölkədən-ölkəyə göndərilən, fərqli ünvanlara çatan, gördükcə insanı düşündürən və tarixi özündə daşıyan bu kiçik nişanlar illər sonra albomlarda qalır, nəsildən-nəslə ötürülür. Bu mənada “J2-8243” reysinə həsr edilən markaların dövriyyəyə buraxılması xatirəni uzunömürlü edən, onu geniş ictimaiyyətə çatdıran çox dəyərli bir addımdır. Biz düşünmüşük ki, oradan əldə olunan məbləğ şəhid ailələrinə, xüsusilə də onların övladlarının təhsilinə yönəldilsin”, - İ.Əmirov qeyd edib.

Lamiyə Məmmədova

Mənbə: qafqazinfo.az