Kremlə yaxın ideoloq Aleksandr Duqin bildirib ki, Moskvanın Patriarşıye Prudı rayonunda vaxt keçirən və adi həyat tərzini davam etdirən sakinlər də sonda səfərbər edilərək cəbhəyə göndərilməlidirlər.
Duqinin fikrincə, davam edən münaqişə şəraitində “qayğısız həyat” görüntüsünü qorumaq yolverilməzdir. O, çıxışında Patriarşıye Prudıda istirahət edənləri “arxa cəbhə qarışqaları” ilə müqayisə edib.
Bioloqların təcrübələrinə istinad edən Duqin bildirib ki, belə “qarışqalar” əsas resurs tükəndikdən sonra fəaliyyətə qoşulur və bunu gələcəkdə əhalinin daha geniş səfərbər edilə biləcəyi ilə əlaqələndirib.
Xatırladaq ki, yayılan xəbərlərə görə yaxın günlərdə Rusiyada kütləvi səfərbərlik həyata keçiriləcək və ən azı 500.000 nəfər ön cəbhəyə göndəriləcək. Yayılan xəbərlər, verilən bəyanatlar Rusiyada sosial gərginlik yaradır. Nahaqdan ölməmək üçün insanlar qonşu ölkələrə üz tuturlar.
Nəzərə alaq ki, Azərbaycan Rusiya ilə yaxın qonşu olmaqla yanaşı, həm də sosial-iqtisadi sabitliyə malik bir ölkədir. Ona görə də Rusiyada başlayacaq kütləvi səfərbərlik təkcə ölkəmizə miqrant axınına səbəb olmayacaq, həm də daşınmaz əmlak bazarındakı qiymətlərə böyük ölçüdə təsir edəcək.
Mövzu ilə bağlı Ya danışan daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib ki, bu məsələ daşınmaz əmlak bazarındakı qiymətlərə çox ciddi təsir edəcək:
“Nəzərə alaq ki, bu gün daşınmaz əmlak bazarında qiymətlərin düşməməsinin bir səbəbi də Rusiya-Ukrayna və İrandakı gərginlikdir. Artıq 4 ildir ki, daşınmaz əmlak bazarında qiymətlər bir qayda olaraq yüksəlir. Bu faktor ən azından qiymətlərin enməsinə imkan vermir və həm Şimal, həm də Cənub qonşumuzda vəziyyət gərginləşən kimi həm kirayə mənzil, həm də mənzillərin alqı-satqı qiymətləri artır.Təsadüfi deyil ki, son illərdə ölkəmizdə daşınmaz əmlak alan Rusiya vətəndaşlarının sayı xeyli artıb.
Təbii ki, son günlər Rusiyada kütləvi səfərbərliklə bağlı səslənən fikirlər qonşu ölkələrlə yanaşı Azərbaycanın daşınmaz əmlak bazarına öz təsirini göstərməkdədir. Yaxın günlərdə bu ilk növbədə kirayə mənzil bazarında özünü büruzə verəcək. Daha sonra isə mənzillərin qiymətinə təsir göstərəcək.
Bilirsiniz ki, Azəraycana mənzil almağa gələnlər bir müddət kirayədə qalır. Daha sonra əlverişli mənzil tapıb, alaraq ora köçür. Buna görə də Rusiyada yeni səfərbərlik xəbərləri ilk növbədə kirayə mənzil bazarına təsir edəcək. Sonradan isə daşınmaz əmlakın qiymətində artım qeydə alınacaq. Normalda hər ay daşınmaz əmlakın qiyməti 2-3 faiz bahalaşırsa, yaxın zamanda qiymət artımı 2 rəqəmlə ifadə oluna bilər”,
Mənbə: bizim.media