Alimlər toxumaların bərpasını sürətləndirən məşq növünü müəyyən ediblər

Alimlər toxumaların bərpasını sürətləndirən məşq növünü müəyyən ediblər

Cəmi bir neçə dəqiqəlik yüksək intensivlikli məşq orqanizmdə uzunmüddətli, orta intensivlikli məşqlə müqayisədə daha güclü bərpa reaksiyasına səbəb ola bilər. Bu qənaətə Rokfeller Universitetinin və Melburn şəhərindəki tədqiqat mərkəzlərinin alimləri gəliblər.

Araşdırmanın nəticələri "Cell Reports Medicine" jurnalında dərc olunub.

Tədqiqatda 19 sağlam gənc kişi iştirak edib. Könüllülər ya maksimum güclə velosipeddə 30 saniyəlik 6 sprint, ya da orta intensivliklə 90 dəqiqə fasiləsiz velosiped sürmə məşqi həyata keçiriblər. Qan nümunələri məşqdən əvvəl, dərhal sonra və üç saat sonra götürülüb.

Nəticələr iki məşq növü arasında ciddi fərq olduğunu göstərib. Qısa sprintlərdən sonra araşdırılan 2 884 qan zülalından 714-nün səviyyəsi dəyişib. 90 dəqiqəlik orta intensivlikli məşqdən sonra isə cəmi 7 zülalda dəyişiklik qeydə alınıb.

İntensiv məşqdən sonra səviyyəsi əhəmiyyətli dərəcədə yüksələn zülallar arasında böyümə hormonu, yeni qan damarlarının yaranması ilə əlaqəli faktor və toxumaların bərpasında iştirak edən zülal da olub.

Lakin bu reaksiya uzunmüddətli olmayıb. Üç saat sonra sprintlərdən sonra səviyyəsi dəyişən zülalların sayı təxminən 20 dəfə azalıb. Səkkiz həftəlik müntəzəm məşqlər də bu reaksiyanı zəiflətməyib. Alimlərin fikrincə, bu, effektin yalnız orqanizmin qeyri-adi fiziki yükə reaksiyası ilə bağlı olmadığını göstərir.

Tədqiqatçılar həmçinin müxtəlif məşqlərdən sonra götürülən qanın insan piy toxumasının hüceyrələrinə təsirini araşdırıblar. Sprintlərdən sonra əldə edilən plazma 1 677 genin aktivliyini, uzunmüddətli orta intensivlikli məşqdən sonra alınan plazma isə cəmi 25 genin aktivliyini dəyişib.

Bununla belə, alimlər vurğulayırlar ki, qısa və yüksək intensivlikli məşq hər zaman uzunmüddətli məşqdən daha faydalı deyil. Orta intensivlikli fiziki yük yağ turşuları da daxil olmaqla kiçik molekulların mübadiləsinə daha güclü təsir göstərib. Bu isə belə məşqlərin də bərpa prosesində mühüm rol oynadığını göstərir.

Mənbə: oxu.az