Məşhur nəşr İnfantinodan üzr istədi: Böhtan atıbmış

Məşhur nəşr İnfantinodan üzr istədi: Böhtan atıbmış

"The Times" qəzeti FİFA prezidenti Canni İnfantinonun bəyan edilməmiş gəlirləri ilə bağlı xəbərini təkzib edərək təşkilatdan və onun rəhbərindən üzr istəyib.

FİFA-nın mətbuat xidməti "The Times" qəzetinin açıqlamasından bir hissə dərc edib:

"13 oktyabr 2026-cı ildə idman bölməmizdə Canni İnfantinonun FİFA-dan "ikinci maaş" aldığını bildirmişdik, təşkilat isə bunu açıqlamayıb. Bu iddia yalandır. "İkinci maaş" olmayıb.

Qaydalar FİFA-nı cənab İnfantinonun aldığı xərclər və kompensasiyalar barədə illik hesabatda məlumat verməyə məcbur etmir, çünki onlar İsveçrə hesabat tələblərinə əsasən mükafat hesab edilmir.

Həmçinin cənab İnfantinonun bildirdiyi kimi, Mayami daşınmaz əmlakını guya aşağı qiymətə almadığını da qəbul edirik. Nə o, nə də ailə üzvləri "Shadi" MMC-nin qanuni və ya faydalı sahibləri deyillər və iddiamızın əksinə olaraq, onlar onu idarə etmirlər.

Bu düzəlişləri etməkdən məmnunuq və buraxılan səhvlərə görə cənab İnfantinodan və FİFA-dan üzr istəyirik".

FİFA medianı təşkilat və onun prezidenti ilə bağlı materialların dərcində daha məsuliyyətli olmağa çağırıb.

“FİFA-nın avqust ayında bildirdiyi kimi, müəyyən şəxslərin təşkilatın və onun prezidentinin nüfuzuna xələl gətirmək üçün qəsdən və davamlı kampaniya apardığı aydındır.

FİFA medianı məsuliyyətli davranmağa, yalan və böhtan xarakterli məlumatların dərc olunmasının və sonradan yayılmasının qarşısını almaq üçün bütün məlumat mənbələrini diqqətlə yoxlamağa çağırır.

FİFA qanuni tənqid və araşdırmaları alqışlayır. Lakin bu, yalan ittihamlar yaymaq hüququ vermir. Əgər nəşrlərdə bu halda olduğu kimi qeyri-dəqiq, çaşdırıcı və ya tamamilə yalan məlumatlar varsa, FİFA onlara qətiyyətlə və birbaşa etiraz etməyə davam edəcək", - deyə FİFA-nın bəyanatında bildirilir.

Mənbə: publika.az