“Əgər bunu etməyi öyrənsək, daha yaxşı olacaq” - Yuri Vernidub

“Əgər bunu etməyi öyrənsək, daha yaxşı olacaq” - Yuri Vernidub

“Bu idmandır, futboldur. Bəzi hallarda olur ki, 0:3 olur, sonra 3:3 olur. Ya da 4:3 uduzursan. Əsas odur ki, nəticə çıxarmaq lazımdır. Derbidir. Burada heç kim uduzmaq istəmir. Əlbəttə ki, bu bizə heç nə bonus vermir. Mütləq bu oyunu udmaq lazım idi”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub “Qarabağ”la keçirilən derbidən (3:3) sonra jurnalistlərə açıqlamasında deyib.

- Demək olar ki, artıq “Neftçi” üçün “Qarabağ” və “Sabah” qorxulu rəqib deyil?

- “Sabah”la oyun bəlkə hesab olunmur, Azərbaycanda qəbul olunur ki, “Neftçi” və “Qarabağ” klublarının oyunu derbi hesab olunur. Bu iki klub Azərbaycan çempionatında 1000 oyun oynayıb. Bu da artıq çox şey deyir. Bu da onu göstərir ki, düz yoldayıq. “Neftçi”nin daha güclü olması üçün işimizə davam edəcəyik. Hər zaman sona qədər mübarizə aparacağıq. Hədəfimiz ən yuxarıda olmaqdır. Necə olacaq çempionatdakı növbəti oyunlar göstərəcək. Bu günə qədər 1/4 hissə geridə qalıb. Qarşıda bizi 25 oyun gözləyir. Kim ən doğru yolla davam etsə, qələbə də onların olacaq.

- “Qarabağ” və “Sabah”a uduzmasanız da, qalib də gələ bilmədiniz. Bu oyunlarda dörd xal itirdiniz?

- Səmimi deyirəm ki, bəli, son iki oyunda biz 4 xal itirdik. Xüsusilə də, bu gün.

- Rotasiya imkanlarınız genişdir. Sona az qalmış iki qol buraxmaq sizi narahat edir?

- İndi çox şeydən danışa bilərik. Sakit və təmkinlə gedib yatmaq lazımdır. Sabah oyunu analiz etmək lazımdır. İnanın ki, hər bir oyunun ciddi təhlilini edirik. Ola bilər ki, 40 dəqiqə ərzində nəzəriyyədən danışırıq, bəlkə bəzilərinin xoşuna gəlmir. Amma düşünürəm ki, futbol şahmat kimidir. Topu qabağa vurmaqla bitmir. Necə oyun qurmaq lazımdır, bilməliyik. Əgər bunu etməyi öyrənsək, daha yaxşı olacaq.

- Hər iki tərəfdə qapıçılar kobud səhvlərə yol verdi. Siz necə, qapıçı transfer etmədiyinizə görə peşmansınız?

- Bu barədə çox şey demək olar. Bizim iki güclü azərbaycanlı qapıçımız var. İkisi də yaxşı qapıçıdır. Emil Balayevin hərarəti var idi, 38 dərəcə. Oyuna Rza Cəfərov çıxdı. Səhvlər ola bilir. Hətta mən deyim ki, Avropanın tanınmış qapıçıları da səhvlər edir. Amma o demək deyil ki, qapıçı transfer edilmədi deyə, bunlar baş verdi. Rza özü də millidə dayanır, Emil Balayev də var. Gənc qapıçılarımız da var. Azərbaycanlılar var ki, onların üzərində işləmək daha uyğundur ki, onları daha inkişaf etdirək. Nəinki kənardan gətirək. Milli üçün də faydalı olacaq.

Mənbə: qafqazinfo.az