ABŞ-ın Anduril şirkətinin həmtəsisçisi Palmer Lakki hərbi məqsədlər üçün xidməti itlərin klonlaşdırılmasına və onların genlərinin modifikasiya edilməsinə başlamaq niyyətindədir.
Bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.
Lakkidən başqa, Texasda yerləşən "Warhound" startapının yaradılmasında proqram təminatı sahəsində fəaliyyət göstərən sahibkar Ben Lamm da iştirak edir. Şirkət “genetik cəhətdən təkmilləşdirilmiş xidməti itlərin istehsalı” ilə məşğul olacaq və döyüş meydanında “situasiya məlumatlılığını təmin etmək” üçün onları qabaqcıl texnologiyalarla təchiz edəcək.
Sazişin şərtləri ilə tanış olan mənbənin sözlərinə görə, yeni investisiyalar da daxil olmaqla, maliyyələşdirmə mərhələsi çərçivəsində "Warhound" şirkətinin dəyəri 1,2 milyard dollar qiymətləndirilib.
“Bizim ideyamız belədir: ən yaxşı itləri seçmək, onların biobankını yaratmaq və klonlaşdırmaq. Klonlaşdırmadan əlavə, onların ömrünü və iş qabiliyyətini yaxşılaşdırmaq üçün genlərini redaktə etmək mümkündürmü? Bu, itlər, yanğınsöndürənlər, polis əməkdaşları və ya hərbçilər üçün daha faydalıdır”, – Lamm bildirib.
Bundan əvvəl amerikalı sahibkar və milyarder İlon Maskın hərbi əməliyyatların gələcəyini araşdırmağa yönəlmiş Pentaqonun “Meridian” adlı yeni layihəsinin rəhbər heyətinə daxil olacağı məlum olmuşdu.
Hüseyn İbadlı
Mənbə: publika.az