Qadının doğuş zamanı ölümünün səbəbi açıqlandı

Qadının doğuş zamanı ölümünün səbəbi açıqlandı

İyulun 7-də saat 18:00-da 1992-ci il təvəllüdlü hamilə qadın İmişli Rayon Mərkəzi Xəstəxanasından Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub. Hamiləliyin patologiyası şöbəsinə yerləşdirilən pasiyentə 39-40 həftə hamiləlik, baş gəlişi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.

Bu barədə Tibbi Ərazi Bölmələri idarətetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, iyulun 8-də saat 13:50-də doğuşa alınan şəxsin boyu 52 sm, çəkisi 4 kq 200 qr, cinsi oğlan olan körpəsi dünyaya gəlib. Hazırda körpənin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

"Zahı qadında profuz qanaxma başlaması qeydə alınıb və aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 18 radələrində onun ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib", - məlumatda bildirilib.

Mənbə: yenisabah.az