“İl yarımdır Perinatal Mərkəzin işçiləri olaraq narahatıq...”

“İl yarımdır Perinatal Mərkəzin işçiləri olaraq narahatıq...”

“2024-cü ilin yanvarında yanğın olan Perinatal Mərkəz o vaxtdan təmir adı ilə bağlanıb. İl yarımdır ki, işçiləri müxtəlif xəstəxanalara səpələniblər. Mərkəzin satıldığını, bağlandığını, əvvəlki iş yerimizə qaytarılacağımızı deyənlər var. Bilmirik necə olacaq, narahatıq, qeyri-müəyyən vəziyyətdə qalmışıq...”

Bu iddia ilə “Qafqazinfo”ya Respublika Perinatal Mərkəzinin bir qrup həkimi müraciət edib.

Onların sözlərinə görə, xəstəxananın 400-ə yaxın işçisi müxtəlif tibb müəssisəsində müvəqqəti işlə təmin olunub: “Perinatal Mərkəzin peşəkar, fədakar həkimləri və tibb işçiləri sayəsində neçə-neçə ailə sevinib, biz yarımçıq doğulmuş uşaqların sağ qalması uğrunda mübarizə aparmışıq. Regionlardan yardım ücün gələn xəstələr respublikada yeganə olan bu xəstəxanadan evlərinə uşaqla dönüblər. Ötən il baş verən yanğından sonra xəstəxananı təmirə bağladılar.

Hazırda həkimlərimiz 1-ci və 2-ci səviyyəli xəstəxanalarda işləyirlər ki, orada da vaxtından əvvəl doğuşlar, riskli hamilələr qəbul olunmur. Ona görə də potensialı yüksək olan, 15 il ərzində çox ağır xəstələrlə işləyərək püxtələşmiş ginekoloq və reanimatoloq-neonatoloqlar hazırda işsiz qalıb, ya da öz potensialının heç 10 faizini realizə edə bilmir”.

Həkimlər onları narahat edən bu problemlə bağlı aidiyyəti qurumlara rəsmi ərizə ilə müraciət etdiklərini bildiriblər: “Yanğın 6 mərtəbəli binanın 4-cü mərtəbəsinin bir otağında baş verib və 2 aydan sonra binanın fasadı və 35 kv metrlik ərazi təmir olunub. Dəfələrlə aidiyyəti orqanlara, o cümlədən TƏBİB-ə müraciət ünvanlamışıq. KİV-ə açıqlamalarda ötən ilin sonunda xəstəxanada təmir işlərinin başlanacağı deyilsə də, hazırda heç təmir işi görülmür. Xahiş edirik ki, bizim bir kollektiv kimi səsimizin aidiyyəti qurumlara çatmasına köməklik göstərərsiniz”.

Problemlə bağlı TƏBİB-ə sorğu ünvanladıq.

Xatırladaq ki, hadisə ötən ilin yanvarında baş verib. Yanğın nəticəsində 7 yeni doğulmuş körpə həlak olub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham verilib.

Gülnar Əliyeva

Mənbə: qafqazinfo.az