Dünyada vəba epidemiyası güclənir – ÜST

Dünyada vəba epidemiyası güclənir –

2025-ci ilin ilk üç ayı ərzində dünyanın üç regionuna aid 25 ölkədə 116 574 nəfər vəbaya yoluxub, 1 514 nəfər isə bu xəstəlikdən həyatını itirib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
ÜST xəbərdarlıq edir ki, münaqişələr, məcburi köçkünlük və iqlimlə bağlı fəlakətlər səbəbindən xəstəlik xüsusilə həssas bölgələrdə yayılmaqda davam edir. Ən çox yoluxma və ölüm hallarının Afrikada, Şərqi Aralıq dənizi və Cənub-Şərqi Asiyada qeydə alındığı bildirilir.
Təkcə mart ayında 517 nəfər vəba nəticəsində dünyasını dəyişib, 22 ölkədə 32 985 yeni yoluxma faktı təsdiqlənib ki, bu da qlobal səviyyədə epidemiyanın şiddətlənməsini göstərir.
Hətta ağızdan qəbul edilən vəba peyvəndinin (OCV) qlobal ehtiyatı 5,2 milyon dozada sabitləşsə də, ÜST artan tələbatın mövcud təklifi üstələdiyini və bu vəziyyətin sürətli cavab tədbirlərinə mane olduğunu bildirib.
“Vəbanın geniş yayılması təmiz suya və səhiyyə xidmətlərinə çıxışın məhdud olduğu, kənd yerləri və daşqınlardan zərər çəkmiş bölgələrdə daha ciddi fəsadlara yol açır”, – deyə ÜST vurğulayıb.
Qeyd edək ki, vəba vaxtında tibbi müdaxilə ilə qarşısı alına və müalicə edilə bilən bir xəstəlik olsa da, gecikən müdaxilə hallarında bir neçə saat ərzində ölümcül nəticələrə səbəb ola bilər.
Təşkilat bu təhlükəli xəstəliyin qarşısının alınması üçün təcili olaraq su təminatı, səhiyyə infrastrukturu və peyvənd istehsalının artırılmasına qlobal səviyyədə dəstək göstərilməsinə çağırış edib

Mənbə: www.bakupost.az