İsrail hərbçiləri ilə onlara daş atdığı iddia edilən qrup arasındakı toqquşma ölümlə nəticələnib

İsrail hərbçiləri ilə onlara daş atdığı iddia edilən qrup arasındakı toqquşma ölümlə nəticələnib

Bakı, 29 noyabr, AZƏRTAC

İsrail ordusu şənbə günü axşam saatlarında işğal altındakı İordan çayının qərb sahilinin Madama bölgəsində hərbçilərə daş atdığı iddia edilən bir qrup şəxslə qarşıdurma zamanı bir nəfərin öldürüldüyünü açıqlayıb.

AZƏRTAC “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, İsrail ordusunun yaydığı məlumatda hərbçilərin həmin qrupun yerləşdiyi binaya daxil olarkən qrup üzvlərindən bir şəxsin əsgərlərdən birinin silahını ələ keçirməyə cəhd göstərdiyi üçün güllələnərək öldürüldüyü bildirilir.

Məlumatda əlavə olunur ki, silah uğrunda mübarizə zamanı bir İsrail əsgəri də güllə yarası alaraq orta dərəcəli xəsarət alıb.

Fələstinin "Wafa" xəbər agentliyi isə daha əvvəl İsrail hərbçilərinin Madama kəndində 60 yaşlı fələstinli Hikmət əl-Quttu sinəsindən güllələyərək öldürdüyünü, daha bir nəfəri isə yaraladığını xəbər vermişdi.

Mənbə: azertag.az