Qazaxıstanın Almatı şəhərində polis əməkdaşları üz tanıma texnologiyası ilə təchiz edilmiş ağıllı eynək vasitəsilə axtarışda olan şəxsi müəyyən edərək saxlayıblar.
Musavat.com xəbər verir ki, bu barədə şəhərin Polis Departamenti məlumat yayıb.
Hadisə Almatı şəhərindəki məscidlərdən birində baş verib. Polis əməkdaşının istifadə etdiyi xüsusi eynək Şımkent polisi tərəfindən axtarışa verilmiş şəxsi müəyyənləşdirib. Məlumat yoxlanıldıqdan sonra həmin şəxs saxlanılaraq müvafiq prosessual tədbirlərin görülməsi üçün təhvil verilib.
Yeni texnologiya artırılmış reallıq (AR) və biometrik videoanalitika sistemi əsasında işləyir. Eynək insanların üzlərini Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumat bazasındakı fotoşəkillərlə müqayisə edir.
Sistem mümkün uyğunluq aşkar etdikdə məlumat birbaşa polis əməkdaşının gözünün qarşısında görünür. Bununla da əməkdaşın smartfon və ya planşetdən istifadə etməsinə ehtiyac qalmır.
Almatı Polis Departamentinin açıqlamasına görə, hazırda şəhərdə bu texnologiyaya malik cəmi bir eynək mövcuddur və avadanlıq sınaq rejimində istifadə edilir.
Buna baxmayaraq, yeni sistem artıq ilk əməliyyat nəticəsini verib.
Polis rəsmiləri bildiriblər ki, ağıllı eynəklər xüsusilə insanların kütləvi toplaşdığı ərazilərdə patrul xidməti zamanı axtarışda olan şəxslərin müəyyənləşdirilməsi üçün nəzərdə tutulub.
2026-cı ilin sentyabrında Qazaxıstanın paytaxtı Astanada üz tanıma funksiyasına malik videomüşahidə sistemi vasitəsilə axtarışda olan üç nəfər müəyyən edilmişdi. Onların arasında beynəlxalq axtarışa verilmiş şəxs də olub.
Mənbə: www.musavat.com