Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi

Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi

Bakıda başqasının torpağını qanunsuz zəbt etməkdə təqsirləndirilərək axtarışa verilən 74 yaşlı qadın həbs edilib.

Publika.az APA-ya istinadla xəbər verir ki, cinayət işi üzrə məhkəməyə gəlmədiyinə görə axtarışda olan Qədəm Tarverdiyeva barəsində həbs qətimkan tədbiri seçilib.

O, Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

1952-ci il təvəllüdlü Q.Tarverdiyeva Binəqədi qəsəbəsində qanunsuz olaraq torpaqları zəbt edib. 2023-cü ildə zərərçəkənin qəsəbədə yerləşən həyətinə qanunsuz daxil olaraq videomüşahidə kameralarını sındırıb, evdən 17 min 600 manat dəyərində çoxlu sayda məişət əşyası oğurlayıb.

Bundan başqa o, digər zərərçəkənin torpağına qanunsuz daxil olaraq onun həyətindəki dəmir hasarı söküb yerinə yenisini qoyaraq torpağını mənimsəməkdə də ittiham olunub.

Qədəm Tarverdiyeva Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla oğurluq) və 188.4.1-ci (torpaq sahəsini özbaşına tutma və qanunsuz tikinti işləri aparma) maddələri ilə təqsirləndirilir.

O, 2024-cü ilin iyun ayında istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub və iyul ayında tutularaq saxlanılıb, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Qədəm Tarverdiyeva 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluq ittihamı üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib. Eyni iş üzrə onun oğlu Nadir Tarverdiyev də məhkum olunub.

O, 2020-ci ilin aprel ayında əfv sərəncamına əsasən, cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Mənbə: publika.az