"Daltonlar"a qarşı ƏMƏLİYYAT BAŞLANDI - 85 nəfər QANDALLANDI

"Daltonlar"a qarşı ƏMƏLİYYAT BAŞLANDI - 85 nəfər QANDALLANDI

Türkiyədə “Daltonlar” kimi tanınan mütəşəkkil cinayət qruplaşmasına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Musavat.com xəbər verir ki, İstanbul mərkəzli olmaqla ölkənin 30 əyalətində dəstə üzvlərinin tutulması üçün eyni vaxtda hərəkətə keçilib.

İstintaq çərçivəsində, haqqında İnterpolun Qırmızı bülleteni ilə axtarış elan edilən və xaricdə gizlənən Beratcan Gökdemirin rəhbərlik etdiyi qruplaşmanın əməlləri tam nəzarətə götürülüb.

Araşdırmalar zamanı şəbəkənin internet platformaları vasitəsilə cəlb etdiyi muzdlu qatilləri “WhatsApp” qruplarına topladığı və onları cinayət əməllərini törətmək üçün məhz bu kanallar üzərindən təlimatlandırdığı üzə çıxıb.

Hüquq-mühafizə orqanları sözügedən qruplarda yeni hücum hazırlığında olan şəxslərin kimliyini müəyyənləşdirmək üçün genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Texniki və kəşfiyyat tədbirləri nəticəsində şəxsiyyəti dəqiqləşdirilən şübhəlilərə qarşı İstanbul, Şırnak, Kayseri, Ankara, Aydın, Bursa, Qaziantep, İzmir, Hatay, Kocaeli, Mersin, Əskişəhər, Kilis, Manisa, Mardin, Şanlıurfa, Adana, Antalya, Balıkesir, Batman, Bingöl, Kahramanmaraş, Kırşehir, Muğla, Muş, Ordu, Samsun, Təkirdağ, Trabzon və Vanda eyni vaxtda reydlər təşkil olunub.

Əməliyyatlar zamanı ümumilikdə 85 şübhəli şəxs qandallanıb. Həmin şəxslər barəsində istintaq tədbirləri davam etdirilir.

Mənbə: musavat.com