Bir nəfərdən hələ də XƏBƏR YOXDUR - Fəlakətin baş verdiyi şəhərdən ACI XƏBƏRLƏR

Bir nəfərdən hələ də XƏBƏR YOXDUR - Fəlakətin baş verdiyi şəhərdən ACI XƏBƏRLƏR

Türkiyənin İstanbul şəhərində güclü yağışlardan sonra baş verən sel nəticəsində itkin düşən Haşim Ciritlioğlunun meyiti tapılıb. Bununla da təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 6-ya yüksəlib.

Türkiyə mətbuatının məlumatına görə, axtarış-xilasetmə qrupları Ciritlioğlunun meyitini səhər saat 07:30 radələrində Ayvansaray bərə limanının yaxınlığında aşkarlayıblar. İtkin düşən daha bir nəfərin axtarışları isə davam etdirilir.

Məlumata əsasən, Ciritlioğlunun Seyrantepedə yerləşən iş yerindən çıxması ilə bağlı təhlükəsizlik kameralarının görüntüləri də üzə çıxıb. Kadrlarda onun iş yerini tərk etdiyi anlar əks olunub.

İstanbul valisi Davut Gül selin ciddi fəsadlara səbəb olduğu Sarıyer rayonunun Ayazağa məhəlləsində olub. O, aidiyyəti qurumların nümayəndələrindən görülən işlər və zərərin qiymətləndirilməsi barədə məlumat alıb.

Valinin sözlərinə görə, zərərin müəyyənləşdirilməsi ilə bağlı işlərin böyük hissəsi başa çatdırılıb. Əlavə müraciətlər daxil olduqca müvafiq qruplar ərazidə araşdırmalar aparırlar.

Davut Gül bildirib ki, selin fəsadlarının aradan qaldırılması və çay yatağının tənzimlənməsi layihəsinə mane olan tikililərin sökülməsi davam edir. Ərazidə sökülməsi nəzərdə tutulan bir binanın qaldığını qeyd edən vali həmin iş başa çatdıqdan sonra layihənin qarşısındakı maneələrin aradan qaldırılacağını deyib.

Valinin açıqlamasına görə, Ayazağada çay yatağında yerləşən, zəlzələyə davamlı olmayan, sənədsiz və icazəsiz tikilmiş obyektlərin sökülməsi həyata keçirilir. Ümumilikdə 19 dükanın, 2 yaşayış evinin, bir Quran kursunun, stadionun və tribunaların sökülməsi nəzərdə tutulur.

Ərazidə çayın yatağının tənzimlənməsi istiqamətində də işlərə başlanılıb. Davut Gül bildirib ki, görülən tədbirlərin məqsədi gələcəkdə oxşar hadisələrin baş vermə riskini azaltmaqdır.

Bundan əlavə, Türkiyənin Şəhərsalma və Kütləvi Mənzil İdarəsi (TOKİ) vasitəsilə yaşayış binalarının yenidən tikilməsi və şəhərsalma yenilənməsi ilə bağlı işlərə başlanılıb. Sakinlərə evlərini özləri, podratçı şirkətlər və ya TOKİ vasitəsilə yenidən qurmaq üçün üç fərqli seçim təklif olunur.

Mənbə: musavat.com