Bu şəhərlərə XƏBƏRDARLIQ EDİLDİ

Bu şəhərlərə

Türkiyənin Meteorologiya Baş İdarəsi və Daxili İşlər Nazirliyi İstanbul başda olmaqla, ölkənin bir sıra bölgələrində güclü leysan yağışları və fırtına ilə bağlı xəbərdarlıq edib.

Məlumata əsasən, İstanbulun müxtəlif ərazilərində şimşək çaxması ilə müşayiət olunan güclü leysan yağışları müşahidə ediləcək.

Xüsusilə şəhərin şərq rayonlarında yağıntıların güclənəcəyi, qonşu Kocaeli və Sakarya vilayətlərində isə bəzi ərazilərdə leysanın daha şiddətli olacağı proqnozlaşdırılır.

Bu gün İstanbul, Kocaeli, Sakarya, Yalova və Bursa vilayətlərində güclü leysan yağışları gözlənilir. Sözügedən ərazilər üçün narıncı xəbərdarlıq elan edilib.

Ankara, İzmir, Adana və Antalya da daxil olmaqla, daha 40 vilayət üçün isə sarı xəbərdarlıq verilib.

6ad3009cf15b2619d4a3eae7.jpg (122 KB)

İstanbul və ətraf ərazilərdə şimal və şimal-şərq istiqamətlərindən əsən küləyin güclənəcəyi, bəzi vaxtlarda isə fırtınaya çevriləcəyi bildirilir. Küləyin sürətinin saatda 50-70 kilometrə çatacağı ehtimal olunur.

Fırtına səbəbindən xüsusilə İstanbul boğazı və adalar istiqamətində dəniz nəqliyyatında fasilələrin yaranması mümkündür. Bununla yanaşı, dam örtüklərinin uçması, ağacların və dirəklərin aşması kimi təhlükələrə qarşı da xəbərdarlıq edilib.

Güclü yağış və fırtına ilə əlaqədar İstanbulda havanın temperaturunun da nəzərəçarpacaq dərəcədə aşağı düşəcəyi gözlənilir. Şəhərdə havanın temperaturunun minimum 11, maksimum isə 15 dərəcə olacağı proqnozlaşdırılır.

Səlahiyyətli qurumlar qəfil sel, su basması, ildırım, ayrı-ayrı ərazilərdə dolu yağışı, güclü külək və nəqliyyatda yarana biləcək problemlərlə bağlı əhaliyə xəbərdarlıq ediblər.

Vətəndaşlardan, xüsusilə sürücülərdən ehtiyatlı olmaları, təhlükəsizlik qaydalarına əməl etmələri və rəsmi qurumların xəbərdarlıqlarını nəzərə almaları tələb olunur.

İstanbulda ötən gün müşahidə olunan yağıntılardan sonra yenidən eyni miqdarda yağışın yağıb-yağmayacağı ilə bağlı sualı cavablandıran Meteorologiya Baş İdarəsinin mütəxəssisi Abdullah Macit bildirib ki, yağıntının miqdarı əvvəlki günlə eyni olmasa da, təhlükə hələ aradan qalxmayıb.

“Yağıntının miqdarı o qədər olmasa da, risk davam edir. Çünki torpaq artıq suya doyub. Buna görə də şənbə günü gözlənilən güclü yağışlarla əlaqədar İstanbul sakinlərini gecə saatlarınadək xəbərdar edirik”, - deyə Macit vurğulayıb.

Onun sözlərinə görə, İstanbulda yağışların bazar günü səhər saatlarından etibarən zəifləyərək təsirini itirməsi gözlənilir.

Mütəxəssis əhaliyə sel, su basması və torpaq sürüşməsi təhlükəsinə qarşı diqqətli olmağı tövsiyə edib. O, xüsusilə şənbə günü İstanbulda zərurət olmadıqca avtomobillə hərəkət etməməyin vacibliyini vurğulayıb.

Türkiyənin Daxili İşlər Nazirliyi də ölkə ərazisində gözlənilən güclü yağışlar və fırtına ilə bağlı vətəndaşlara müraciət edib.

Nazirliyin sosial şəbəkə hesabında Meteorologiya Baş İdarəsinin son məlumatlarına əsaslanan xəbərdarlıq yayımlanıb. Bildirilib ki, İstanbulda yağıntılar bəzi ərazilərdə güclü olacaq.

Ankarada yağıntıların intensivliyinin artacağı, Çankırı, Kırıkkale və Bolu vilayətlərində isə güclü leysan yağışlarının müşahidə ediləcəyi gözlənilir.

Adana və Osmaniye ətrafında, Mersin və Hatayın sahilyanı ərazilərində, eləcə də Kahramanmaraşın cənub-qərb rayonlarında güclü, bəzi yerlərdə isə şimşəkli leysan yağışları proqnozlaşdırılır.

Axşam saatlarından etibarən İstanbulun Anadolu sahillərində, eləcə də Kocaeli və Sakarya ətrafında qərb və şimal-qərb istiqamətlərindən fırtına gözlənilir.

Mənbə: musavat.com