Qalıq yanacaqların yandırılması nəticəsində yaranan emissiyaların səbəb olduğu qlobal istiləşmə sürətlənir və Yer kürəsinin ən mühüm ekosistemlərinin bir çoxu kritik dönüş nöqtələrinə yaxınlaşır.
"Reuters" agentliyinin məlumatına görə, bunu Potsdam İqlim Təsirlərinin Tədqiqi İnstitutunun direktoru Yohann Rokström (Johan Rockström) oktyabrın 20-də keçirilən “Reuters Sustainability Europe” konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, mərcan riflərinə və Amazon tropik meşələrinə dəyən zərərin geri dönməz hala gəlməsi təhlükəsi var. Atlantik okeanında su dövranı sisteminin bəzi hissələri, o cümlədən Karib dənizindən gələn isti sular vasitəsilə Qərbi Avropanın iqlimini mülayimləşdirən okean cərəyanı da çökmə həddinə yaxındır.
Rokström bildirib ki, son elmi məlumatlar qlobal orta səth temperaturunun artımının yaxın bir neçə il ərzində 1,5 dərəcə Selsi həddini keçəcəyini təsdiqləyir. Bu isə ekstremal hava hadisələrinin tezliyinin və intensivliyinin artmasına səbəb olacaq.
O, noyabrın 9-da başlayacaq Birləşmiş Millətlər Təşkilatının COP31 iqlim konfransı ərəfəsində bu fikirləri səsləndirib.
Rokströmün sözlərinə görə, fəaliyyətlərində iqlim risklərinə hazırlaşmaq və dayanıqlığı artırmaq istəyən şirkətlər iqlim və təbiət məsələlərini ayrı-ayrılıqda deyil, vahid və əlaqəli gündəliyin tərkib hissəsi kimi nəzərdən keçirməlidirlər.
O qeyd edib ki, şirkətlər karbon emissiyalarının azaldılmasına üstünlük verməklə yanaşı, təbiətin qorunmasına da sərmayə yatırmalıdırlar. Xüsusilə biomüxtəlifliyin qorunması və ya bərpası, eləcə də şirin su ehtiyatlarının mühafizəsi ilə bağlı layihələrə investisiya qoyulması vacibdir.
Rokström daxiliyanma mühərrikli avtomobillərdən mərhələli şəkildə imtina qaydalarının yumşaldılması üçün aparılan lobbiçilik fəaliyyətini “son dərəcə narahatedici” adlandırıb. O, benzin və dizel yanacağına verilən subsidiyaların istehlakçıların elektrik avtomobillərinə tələbatını zəiflətdiyini bildirib.
Mənbə: az.trend.az