Tanışını cəzalandırmaq üçün bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Tanışını cəzalandırmaq üçün bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əli Ömərovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ilə dəyişdirilib və Əli Ömərov dərhal məhkəmə iclas zalında həbsdən azad edilib.

İttihama əsasən, 2009-cu il təvəllüdlü Əli Ömərovun tanışı olan zərərçəkmiş Eldar İslamovun (soyadı şərtidir) onun barədə xoşagəlməz ifadələr işlədib.

Belə ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin “yaxşı oğlan olmadığını”, “mərdiməzar və uşaqları döyən” şəxs olduğunu deyib.

Eldarın bu sözlərindən xəbər tutan Əli onun cəzalandırılması məqsədilə görüş təşkil etmək qərarına gəlib.

O, telefonla zərərçəkmiş şəxsə zəng edib və saat 23:00 radələrində onu Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən ağac satılan boş kolluq sahəyə gətizdirib. Görüş zamanı təqsirləndirilən şəxs bir neçə saat əvvəl onun barəsində nə üçün xoşagəlməz ifadələr işlətdiyini soruşub. Bu zaman Eldarın uca səslə danışması nəticəsində tərəflər arasında mübahisə yaranıb.

Tərəflər arasında şəxsi münasibətlərin pozulması və zərərçəkmiş şəxsin Əlinin barəsində xoşagəlməz ifadələr işlətməsi ilə bağlı mübahisə baş verib. Mübahisə zamanı onlar qarşılıqlı əlbəyaxa olublar.

Əli həmin vaxt Eldarı cəzalandırmaq və ona xəsarət yetirmək niyyətinə düşüb. Təqsirləndirilən şəxs əvvəlcədən özü ilə gətirdiyi bıçaqla zərərçəkmiş şəxsin qarın nahiyəsinə qəsdən üç dəfə zərbə vurub. Zərbələr nəticəsində Eldarın bədənində müxtəlif xarakterli deşilmiş-kəsilmiş yaralar əmələ gəlib.

Beləliklə, bıçaqla yetirilən üç zərbənin nəticəsində zərərçəkmiş şəxsin həm yüngül, həm də həyat üçün təhlükəli olan ağır xəsarətlər aldığı müəyyən olunub.

Hadisədən sonra Əli Ömərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Mənbə: pravda.az