Bu gün millət vəkili Arzuxan Əlizadə İnsan Hüquqları Komitəsinin iclasında tıxaclardan gileylənib, deyib ki, tıxaclar dözülməz həddə çatıb, bu məsələni diqqətə almaq lazımdır, hələ də yollarda tıxac məsələsini həll edə bilməyənlər vətəndaşlardan üzr istəməlidir.
Deputat tıxaca görə iclasa gecikməsi səbəbindən əsəbiləşib və bu cür açıqlama verib.
Maraqlıdır, Bakı yollarındakı tıxaclara görə üzr istəyəsi qurumlar, şəxslər kimlərdir?
Görəsən, ictimai iaşə obyektləri səkiləri zəbt edəndə və yollar daralanda, millət vəkilləri niyə susurdular?
Bakının sağı-solu, arxası-önü yol olan və ağac əkiləsi “dairələr” şəxsi insanlara satılanda və sahibkarlar orada restoranlar tikib, parkinq düzəldib, nəqliyyatın hərəkətinin anasını ağladanda, millət vəkilləri harada idi?
Bir-birinin qarnında, həyətsiz, qarajsız göydələnlər ucaldıb, kütləvi məskunlaşma aparan “tikinti maqnatları” şəhərin arxitektura qanunlarını ayaqlarının altında mələdəndə, deputatlar qəbul etdikləri qanunların bağırtılarını niyə eşitmirdilər?
Rayonlarda sosial yardım olaraq insanlara verilən iribuynuzlu-xırdabuynuzlu heyvanlar elə təqdim edilərkən kameraların “gözü” önündə yerə yıxılanda, millət vəkilləri Baş Prokurorluğa kollektiv müraciət etmişdilərmi?
Dövlətin buğda əkini üçün kəndlilərə ayırdığı onmilyonlarla subsidiyanı bir qrup fırıldaqçı torpaq əkib-becərmədən, sənəd üzərindən yeyəndə, millət vəkilləri niyə narahat olmurdular?
Əgər dövlətin ayırdığı vəsaiti acgözcəsinə yeməsəydilər, sosial yardıma ehtiyacı olan kəndliyə daha sağlam heyvan verə bilərdilər!
Əgər daha vicdanlı olsaydılar, dövlətin ayırdığı büdcə ilə ən azı 4 dəfə daha çox heyvan ala və nəticədə daha çox insanı rayonda saxlaya bilərdilər!
Əkin üçün subsidiyaların hamısı ünvanına çatsa, ən azı bir neçə min adam öz yurd-yuvasını qoyub, dolanışıq üçün Bakıya şığımaz!
Və: vətəndaşlardan üzr istəyəcək şəxs və ya şəxslərin adını çəkməyə cəsarət etməyən millət vəkili doğrudanmı “üzristəyənlər” siyahısında deyil?
Mənbə: www.bakupost.az