Ceffri Epşteyn və Gisleyn Maksvellin qalmaqallı işi üzrə açıqlanan yeni sənədlər ABŞ-ın birinici xanımı Melaniya Trampı çətin vəziyyətə salıb.
Orijinalı “Occupy Democrats” tərəfindən işıqlandırılan sənədlərdə Melaniyanın Maksvellə yazdığı səmimi məktublar və onlar arasındakı yaxın münasibətlər üzə çıxıb.
Melaniya Trampın 2002-ci ildə — Donald Trampla evlənməzdən öncə, hələ sevgili olduqları dövrdə — Gisleyn Maksvellə göndərdiyi məktubda bu ifadələr yer alır: "Əziz G! Necəsən? "New York Magazine"də JE (J. Epstein) haqqında çıxan məqalə əladır. Şəkildə çox gözəl görünürsən. Bilirəm ki, çox məşğulsan və bütün dünyanı gəzirsən. Palm-Bıç necə idi? Ora yenidən getmək üçün səbirsizlənirəm. Nyu-Yorka qayıdanda mənə zəng et. Yaxşı vaxt keçir! Sevgi ilə, Melaniya".
Qeyd edək ki, sözügedən məqalə Donald Trampın Epşteyn haqqında "Ceffi 15 ildir tanıyıram, əla oğlandır, o da mənim kimi gənc qadınları sevir" dediyi məşhur müsahibədir.
Digər bir sənəddə isə Maksvellin Melaniyaya "Sweet pea" (Şirin noxudum - E.M) deyə müraciət etdiyi və onunla görüşmək üçün uçuş qrafikini dəyişdirdiyini yazdığı görünür.
Fayllarda yer alan və 2016-cı il seçkilərindən dərhal sonra Epşteynə göndərilən başqa bir məktubda (göndərənin adı gizli saxlanılır) Tramp və Melaniyanın tanışlıq gecəsi belə təsvir edilir: "Sənin yanına, Floridaya ilk dəfə gəldiyim o həftəsonu Donaldın təyyarəsində birlikdə qayıtdığımızı xatırlayıram. Həmin həftəsonu o, Melaniya ilə tanış olmuşdu və fəal şəkildə yataq otağından çıxıb 'Vau, necə də cazibədar bədəni var' deyirdi."
Jurnalist Maykl Vulfun iddialarına görə, Melaniya 1998-ci ildə Trampla "ID Models" agentliyinin təsisçisi Paolo Zampolli vasitəsilə tanış olub. Zampolli isə Epşteyn və Maksvell cütlüyünə sıx bağlı olan şəxslərdən biridir.
Sənədlər birbaşa cinayət sübutu təqdim etməsə də, Melaniya Trampın Epşteynin şəbəkəsinə nə dərəcədə yaxın olduğu sualını doğurur. İctimaiyyət və fəallar Tramp administrasiyasının gizli saxladığı bütün Epşteyn fayllarının tam şəkildə açılmasını və Melaniya Trampın bu şəbəkədəki rolu ilə bağlı rəsmi araşdırma aparılmasını tələb edirlər.
Mənbə: www.musavat.com