Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar

Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar

Aral gölünün qurumasına səbəb Mərkəzi Asiyada səhraların genişmiqyaslı şəkildə kənd təsərrüfatı torpaqlarına çevrilməsi olub.

Bu barədə “Science Blog” yazıb.

Məlumata görə, sovet hidroloqları hələ ilk kanalın çəkilişinə başlanmazdan əvvəl hesablamalar apararaq su hövzəsinin ciddi şəkildə kiçiləcəyini və nəticədə məhv ola biləcəyini bildiriblər. Buna baxmayaraq, layihə təsdiqlənib.

1959-cu ildə Mərkəzi Asiya Sovet İttifaqının əsas pambıq tədarükçüsü kimi müəyyənləşdirilib. Pambıq istehsalını artırmaq üçün Aral gölünü qidalandıran Amudərya və Sırdərya çaylarının suları geniş suvarma sistemlərinə yönəldilib.

Nəticədə gölə daxil olan suyun həcmi kəskin azalıb. Sovet alimləri gölün səviyyəsinin aşağı düşəcəyini bilsələr də, quruyan dibin duzları özündə saxlayan sərt təbəqəyə çevriləcəyini və problemin əsasən yerli ərazilərlə məhdudlaşacağını düşünürdülər.

Lakin proses gözlənildiyindən daha ağır nəticələrə səbəb olub. Gölün quruyan dibində natrium xlorid, natrium sulfat, maqnezium xlorid, həmçinin illər ərzində toplanmış gübrə və pestisid qalıqları qalıb. Güclü küləklər bu maddələri geniş ərazilərə yayıb.

Məlumata görə, duz və digər çirkləndiricilər Aral gölündən yüzlərlə, hətta min kilometr uzaqdakı ərazilərdə, o cümlədən Fərqanə vadisində, Gürcüstanda və keçmiş SSRİ-nin Arktika sahillərində qeydə alınıb. Daha sonrakı məlumatlarda Himalay dağlarının zirvələrində də bu çöküntülərin aşkarlandığı bildirilib.

2010-cu ilə qədər gölün sahəsinin təxminən 88 faiz, su həcminin isə 92 faiz azaldığı qeyd olunur.

Bir vaxtlar limanların, konserv zavodlarının və kommersiya balıqçılıq donanmasının fəaliyyət göstərdiyi Aral gölü nəticədə dünyanın ən böyük ekoloji fəlakətlərindən birinin simvoluna çevrilib.

Publika.az

Mənbə: publika.az