Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində ayıların hücumu ilə əlaqədar komendant saatı tətbiq edilib.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, qərarla axşam saat 19:00-dan etibarən insanların küçələrdə, parklarda və meşə massivlərində olması qadağan olunub.
Şəhər administrasiyası həmçinin meşəyə, uzaq ərazilərə getməyi, eləcə də yabanı bitkilər toplamağı qadağan edib. Ev heyvanlarının gəzdirilməsi yalnız günün işıqlı vaxtında həyata keçirilməlidir. Administrasiyanın müraciətində ayıların insanlardan qorxmadığı, meşənin isə hazırda “ölümcül təhlükə zonası” olduğu bildirilib.
Xatırladaq ki, son zamanlar Rusiyanın müxtəlif bölgələrində ayı hücumlarında artım müşahidə edilir. Sentyabr ayı ərzində təkcə İrkutsk vilayətində ayıların hücumu nəticəsində üç nəfər həlak olub. İrkutsk vilayətinin qubernatoru İqor Kobzev ayıların hücumları səbəbindən bütün region ərazisində yüksək hazırlıq rejiminin tətbiq ediləcəyini elan edib. Sentyabrın 17-də vilayət rəhbərliyi 353 ayının öldürülməsi barədə qərar qəbul edib. İndiyədək 176 heyvanın öldürüldüyü bildirilir.
Mənbə: qafqazinfo.az