Amerikalı pop ulduzu Cennifer Lopesə bənzərliyi ilə diqqət çəkən qadın cinayət xronikasına düşüb və onun həbs zamanı çəkilən fotosu sosial şəbəkələrdə sürətlə yayılıb.
Bu barədə TMZ məlumat yayıb.
Məlumata görə, ABŞ-nin Minnesota ştatında saxlanılan Sayren Enn Kvast müğənni Cennifer Lopesə bənzərliyi səbəbindən sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Kvast avqustun 30-da Montiçello şəhərində oğurluq şübhəsi ilə saxlanılıb. İstintaqın məlumatına görə, o, mağazadan elektrik alətləri üçün ümumi dəyəri təxminən 580 dollar olan iki qutu akkumulyator oğurlayıb.
Mağaza əməkdaşı polisə bildirib ki, saxlanılan qadın bir neçə gün əvvəl də analoji oğurluq törədib.
Kvast saxlanıldıqdan sonra həbsxanaya yerləşdirilib. Məhz onun həbs zamanı çəkilən fotosu sosial şəbəkələrdə sürətlə yayılıb.

Mənbə: oxu.az