2020-ci ilin 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin hərbçisi Albert Hovhannisyanın artilleriya qurğusunun yanında çəkilmiş fotosu geniş yayılmışdı.
Hovhannisyan Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün keçirdiyi hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu ilə döyüşlərdə məhv edilib.
Albert Artak oğlu Hovhannisyan 15 sentyabr 2001-ci ildə İrəvanda anadan olub. 2020-ci ilin yanvarında hərbi xidmətə çağırılıb, kiçik çavuş rütbəsində artilleriyaçı kimi xidmət edib.
Hovhannisyanın artilleriya qurğusunun yanında çəkilmiş və sonradan Ermənistan mediasında geniş tirajlanan fotosu Ermənistan Müdafiə Nazirliyi tərəfindən 29 sentyabr 2020-ci ildə yayımlanıb.
Maraqlı məqam onun ölüm tarixi ilə bağlıdır. Yerablur hərbi panteonunun məlumat bazasında Hovhannisyanın ölüm tarixi məhz 29 sentyabr 2020-ci il göstərilir. Atası Artak Hovhannisyan da hadisənin birinci ildönümündə həmin günü xatırlayaraq oğlunun komandirinin ona zəng etdiyini, artilleriya mövqeyinin vurulduğunu və Albertin öldüyünü xəbər verdiyini bildirib. Beləliklə, Ermənistan tərəfinin geniş yaydığı məşhur foto ictimaiyyətə təqdim olunduğu gün Hovhannisyan Azərbaycan Ordusunun öz ərazilərini işğaldan azad etmək uğrunda apardığı döyüşlərdə məhv edilib.
Bununla belə, Ermənistan mənbələrində ölüm tarixi ilə bağlı ziddiyyət var. Bir sıra Ermənistan media qurumları onun ölümünü 8 oktyabr 2020-ci il tarixi ilə göstərib. Atası da oğlunun ölüm xəbərini ictimaiyyətə həmin tarixdə açıqlamışdı.
Hovhannisyan ailəsinin 44 günlük Vətən müharibəsi ilə bağlı başqa bir diqqətçəkən tarixçəsi də var. Albertin dayısı oğlu Erik Qasparyan da həmin dövrdə Azərbaycan ərazilərində qanunsuz hərbi xidmətdə olub.
Albertin atası Artak Hovhannisyan sonradan bildirib ki, müharibə başlayanda Erik Qasparyan Albertlə Cəbrayıl istiqamətində eyni hərbi hissədə xidmət edib. Yeni çağırılmış Eriklə Albert həmin hərbi hissədə cəmi bir dəfə görüşə biliblər.
Döyüşlər zamanı Erik Qasparyandan xəbər kəsilib. Sonradan ailəsi onun Azərbaycan hərbçilərinə əsir düşdüyünü öyrənib. Artak Hovhannisyanın sözlərinə görə, ailə əsirlikdə olan Erikin "təhlükəsizliyini" nəzərə alaraq onun Albertlə qohumluğunu həmin vaxt ictimaiyyətə açıqlamayıb.
Erik Qasparyan aylarla Azərbaycanda əsirlikdə qaldıqdan sonra 2021-ci ilin iyununda Ermənistana qaytarılıb. Bundan sonra Artak Hovhannisyan onların qohumluğunu açıqlayıb və Erikin Albertin dayısı oğlu olduğunu bildirib.
Mənbə: musavat.com