Tarixdə ilk: Dünyada yaşlı insanların sayı uşaqları geridə qoydu

Tarixdə ilk: Dünyada yaşlı insanların sayı uşaqları geridə qoydu

Tarixdə ilk dəfə dünyada 65 yaş və daha yuxarı olan insanların sayı 5 yaşa qədər olan uşaqların sayını ötüb. Bu, qlobal miqyasda doğum səviyyəsinin aşağı düşməsi və ömür uzunluğunun artması ilə əlaqədardır.

Bu barədə "Axios" portalı ABŞ Siyahıyaalma Bürosunun hesabatına istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, dünyada doğum göstəricilərinin azalması və yaşama müddətinin uzanması əmək qabiliyyətli əhali ilə yaşlı nəsil arasında formalaşmış demoqrafik balansı dəyişdirir. Proqnozlara əsasən, 65 yaşdan yuxarı vətəndaşların sayı 2025-ci ildəki 852 milyon nəfərdən 2060-cı ilə qədər 2 milyard nəfərə çatacaq. Həmin vaxta qədər Yer kürəsinin ümumi əhalisinin 10.23 milyard nəfər olacağı gözlənilir.

Hesabata görə, 2013-cü ildə dünya əhalisinin 45%-i doğum əmsalı təkrar istehsal səviyyəsində və ya ondan aşağı (hər qadına 2.1 uşaq) olan ölkələrdə yaşayırdı. Lakin cəmi 10 il sonra, 2023-cü ildə bu göstərici artaraq 71%-ə çatıb. Büronun məruzəsində vurğulanır ki, dünya bu həddə demoqrafların on il əvvəl verdiyi proqnozlardan xeyli tez çatıb.

Sənəddə bildirilir ki, hazırda dünyanın ən çox əhalisi olan iki ölkəsi - Çin və Hindistanda doğum səviyyəsi təkrar istehsal həddindən aşağıdır. Banqladeş, Meksika və Vyetnam kimi digər çoxmilyonluq əhalisi olan dövlətlərdə də 2013-cü ildən etibarən doğum göstəriciləri bu kritik həddin altına düşüb.

Mənbə: oxu.az