Kilian Mbappenı qaçırmaq istədilər

Kilian Mbappenı qaçırmaq istədilər

Fransa hüquq-mühafizə orqanları məşhur şəxslərə, o cümlədən “Real Madrid”in və Fransa milli komandasının hücumçusu Kilian Mbappeyə qarşı planlaşdırılan adamoğurluğu cəhdinin qarşısını alıb.

Bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Hadisə ilə bağlı 18 yaşlı gənc və onun cinayət ortağı saxlanılıb. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi, zorakılıqla soyğunçuluq və əxlaqsızlıq yuvaları saxlamaqda təqsirləndirilən Kleman adlı 18 yaşlı şəxsin 2026-cı ilin aprel-avqust ayları ərzində bir sıra silahlı basqınlar və adamoğurluqları təşkil etdiyindən şübhələnilir. Cinayətkar dəstənin üzvləri avqustun sonunda Paris ətrafında keçirilən əməliyyatla ələ keçirilib.

Məlumata görə, dəstə rəhbəri tərəfdaşlarına təlimatları həbsxanadan telefon vasitəsilə verib. Müsadirə olunmuş telefonlarda hüquq-mühafizə orqanları 26 potensial qurbanın ünvanını aşkar ediblər. Onların arasında iri biznesmenlər, şou-biznes nümayəndələri – adı çəkilməyən tanınmış reper və peşəkar idmançılar, o cümlədən Kilian Mbappe de yer alıb.

Agentliyin məlumatına görə, avqustun 21-də Klemana qarşı mütəşəkkil silahlı soyğunçuluq maddəsi ilə rəsmi ittiham irəli sürülüb. Sentyabrın 2-də keçirilən apellyasiya dinləmələrində prokurorluq nümayəndəsi təqsirləndirilən şəxsin tanınmış reper və futbolçu ilə bağlı yeni işdə də əlinin olduğunu bəyan edib. Şübhəlilər hazırda həbsdədir.

Mənbə: qafqazinfo.az