Magistraturada 949 yer niyə boş qaldı? – Ekspert səbəbləri açıqladı

Magistraturada 949 yer niyə boş qaldı? – Ekspert səbəbləri açıqladı

Ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələrinə əsasən, prosesdə iştirak edən 1457 bakalavrdan 508 nəfəri qəbul olunub.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib.
DİM sədrinin sözlərinə görə, bu il magistraturaya 6579-u dövlət sifarişi əsasında olmaqla, ümumilikdə 13 516 nəfər qəbul olunub.
M.Abbaszadə qeyd edib ki, bu il magistraturaya qəbul 67 proqram üzrə aparılıb və ayrı-ayrı proqramlarda müsabiqə vəziyyəti fərqli olub:
“Maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis və aerokosmik mühəndislik istiqamətlərinə uyğun olan 4, 8, 21, 52, 55, 57 və 60 saylı proqramlar üzrə ayrılmış plan yerləri 100 faiz dolub.
Amma mədən mühəndisliyi, tərcümə, kitabxanaçılıq, regionşünaslıq, səhiyyə, biotexnologiya və incəsənət sahələrinə aid 29, 41, 43, 45, 47, 59, 66, 69 və 70 saylı proqramlarda ayrılmış yerlərin 50 faizi və ya daha çoxu boş qalıb”.
Bəs bəzi proqramlar üzrə ayrılan yerlərin yarısının, hətta daha çoxunun boş qalmasının səbəbi nədir?
Təhsil eksperti Məzahir Məmmədli “Bakupost”a bildirib ki, boş qalan plan yerlərinə keçirilən müsabiqədən sonra da 949 yerin tutulmaması ölkədə magistratura təhsilinə yanaşmada müəyyən problemlərin olduğunu göstərir:
“DİM-in magistraturaya qəbul imtahanı üçün müəyyən etdiyi suallardan 50-si məntiq, 25-i informatika, 20-si isə xarici dil üzrədir. Xarici dil üzrə bir tapşırıq da 5 ballıq esse yazmağa aiddir. Ümumilikdə 95+5 ballıq imtahan modeli magistr olmaq istəyənləri müəyyən qədər çəkindirir”.
Ekspertin fikrincə, digər problem bəzi ali təhsil müəssisələrində təklif olunan plan yerləri və mövcud şəraitlə bağlıdır:
“Elə özəl universitetlər var ki, plan yerləri təklif etsələr də, auditoriyaları tələb olunan standartlara uyğun gəlmir. Məhz bu kimi hallar magistraturaya həvəsi aşağı salır. Digər tərəfdən, hazırda əmək bazarında magistr dərəcəsinə də ciddi tələb yoxdur”.
M.Məmmədli hesab edir ki, eyni mənzərənin növbəti illərdə təkrarlanmaması üçün magistratura üzrə plan yerləri nəzərdən keçirilməli, eyni zamanda DİM qəbul imtahanının suallarına yenidən baxmalıdır:
“Məntiq üzrə 50 sual bakalavr üçün çoxdur. Çünki bakalavr nə ümumtəhsil məktəbində, nə də ali təhsilin bakalavr səviyyəsində ayrıca məntiq dərsi keçib. Yəni əvvəlcə onun tədrisini təmin etməliyik ki, sonra bunu qəbul zamanı tələb kimi qarşıya qoya bilək”.
Rüfət Sultan,
BakuPost

Mənbə: www.bakupost.az