Rusiyadan Kiyevə kütləvi aviazərbələr: Xeyli ölü və yaralı var - FOTO - VİDEO

Rusiyadan Kiyevə kütləvi aviazərbələr: Xeyli ölü və yaralı var - FOTO - VİDEO
Rusiya Kiyevdə dəmir yolunun deposuna və digər obyektlərinə ballistik raketlərlə zərbə endirib. Hücumlar nəticəsində altısı "Ukrayna Dəmir Yolları"nın (UDY) işçisi olmaqla, yeddi nəfər ölüb.
Bu barədə UNIAN məlumat yayıb.

Bildirilib ki, gecə saatlarında Rusiya qüvvələri Kiyev şəhərinə və Kiyev vilayətinə raket, PUA-larla güclü zərbələr endiriblər. Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, paytaxtda 8 nəfər ölüb, 3-ü uşaq olmaqla 5 nəfər yaralanıb. Paytaxtın mülki infrastrukturu və yaşayış binaları zərbəyə məruz qalıb.

Xüsusilə Darnitsa rayonunda mərmilərin düşməsi nəticəsində iki fərqli yerdə yanğın baş verib. Yeddi nəfər həlak olub, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Başqa bir ünvanda partlayış dalğasının təsiri ilə iki nəfər xəsarət alıb ki, onlardan da biri uşaqdır.

Holosiyev rayonunda qeyri-yaşayış binasına zərbə endirilib və bir nəfər dünyasını dəyişib. Solomyansk rayonunda pilotsuz uçuş aparatının yaşayış binasına çırpılması qismən dağıntılara səbəb olub. Dörd nəfər, o cümlədən iki uşaq zərər çəkib.

Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko qeyd edib ki, bu gecə Kiyev vilayəti də kütləvi raket və dron hücumlarına məruz qalıb, düşmən mülki obyektləri və yaşayış binalarını hədəfə alıb.

Belə ki, Borispol şəhərində hücum nəticəsində 5 mərtəbəli yaşayış binasına ziyan dəyib. Binadan 48 nəfər təxliyə edilib, 8 nəfərin yaralandığı məlumdur və onların arasında bir uşaq da var.

Bundan əlavə, yaxınlıqdakı avtomobil dayanacağında maşınlar yanıb.

Mənbə: oxu.az