Qarabağ müharibəsində böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalan, Azərbaycanın ilk hərbi pilotlarından biri Feyruz Xanbala oğlu Cəlilovun həyat yolu Vətənə sədaqətin, peşəkarlığın və qəhrəmanlığın nümunəsidir.
Feyruz Cəlilov 1957-ci il mayın 30-da Siyəzən rayonunun Məşrif kəndində anadan olub. Hələ uşaqlıqdan göylərə böyük maraq göstərib, təyyarəçi olmağı arzulayıb. Lakin bu arzusunu uzun müddət ailəsinə deməyə cürət etməyib.
O dövrdə Məşrif kəndindəki məktəb səkkizillik olduğundan Feyruz təhsilini davam etdirmək üçün Bakıya gəlib və burada orta məktəbi bitirib. Ardınca ali təhsil almaq üçün indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olub. Bilikli və çalışqan gənc olan Feyruz bir müddət sonra uşaqlıq arzusunu ailəsinə bildirib. Valideynləri onun təyyarəçi olmasına razı olmasalar da, Feyruz bu istəyindən vaz keçməyib.
Ali təhsilini yarımçıq qoyaraq ordu sıralarına yollanıb. Əsgərlikdən qayıtdıqdan sonra isə Ukraynanın Kremençuq şəhərində yerləşən Mülki Aviasiya Təyyarəçilik Məktəbinə daxil olub. 1981-ci ildə həmin məktəbi bitirərək Zabrat aviamüəssisəsində əmək fəaliyyətinə başlayıb. Burada M-2 və Mi-8 helikopterlərində çalışıb, peşəkarlığı və məsuliyyəti ilə kollektivin böyük hörmətini qazanıb.
Feyruz Cəlilov bununla kifayətlənməyib. 1986-cı ildə istehsalatdan ayrılmadan Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutuna daxil olub və 1992-ci ildə ali təhsilini uğurla başa vurub. Daha sonra Zabrat aviamüəssisəsində komandir vəzifəsində fəaliyyət göstərib.
1982-ci ildə ailə həyatı quran Feyruz Cəlilovun Qabil, Könül və Sevil adlı üç övladı dünyaya gəlib. İşinə bağlılığı ilə yanaşı, ailəsinə də böyük məhəbbətlə yanaşan Feyruzun həyatında müharibə başlayanadək aviasiya və ailə əsas yer tutub.
Lakin Qarabağ müharibəsinin qızğın dövrü onun həyatında yeni və daha ağır bir səhifə açıb.
Mülki pilotdan Vətən müdafiəçisinə
Azərbaycan hərbi aviasiyasının yeni formalaşdığı illərdə onun şəxsi heyəti əsasən mülki aviasiyanın peşəkar pilotları hesabına komplektləşdirilirdi. Feyruz Cəlilov da könüllü olaraq hərbi əməliyyatlara qoşulub. Artıq onun üçün helikopter sadəcə illərlə peşəkarlıqla idarə etdiyi hava nəqliyyatı vasitəsi deyil, Vətənin müdafiəsində silaha çevrilmişdi.
Ailəsi həmin günləri bu gün də kövrək xatirələrlə yada salır.
Oğlu Qabil Cəlilov atasının müharibə illərindəki halını xatırlayanda onun evə hər gəlişinin ailədə necə iz buraxdığını deyir: “Əvvəllər də işi ilə əlaqədar Sovet İttifaqının müxtəlif şəhərlərinə ezamiyyətlərə gedirdi. Amma müharibə başlayandan sonra atamı tamam başqa cür görməyə başladıq. Çox yorğun, fikrə getmiş, qəmli olurdu. Evə əsasən gecələr gəlirdi, səhər açılmamış yenidən yola düşürdü. Bəzən atamı görməyə imkanımız belə olmurdu. Onun gəlib-getdiyini qapının ağzında qalan ayaqqabılarından anlayırdıq.
Sanki o vaxtlar bütün ömrünü Vətən üçün səfərbər etmişdi. Sonuncu dəfə gedəndə isə mənə dedi: “Anan, Könül və Sevil sənə əmanət”. Elə bil ürəyinə nəsə dammışdı... O zaman mənim 10, Könülün 8, Sevilin isə 4 yaşı var idi...”
Bu sözlər illər keçsə də, Qabilin yaddaşında yaşayır.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və silahlı hücumları genişləndikcə müharibənin ağır nəfəsi Qarabağın üzərinə çökür. Belə bir zamanda Feyruz Cəlilov da baş verənlərə kənardan tamaşa edə bilmir. İlk günlərdə döyüş bölgələrində yaşayan insanların daha təhlükəsiz ərazilərə təxliyəsində iştirak edib. Lakin düşmənin törətdiyi vəhşiliklər artdıqca onun kimi mülki aviasiyanın peşəkar pilotları da Vətənin müdafiəsi üçün hərbi sıralara qoşulublar. Səkkiz mülki aviasiya pilotu Azərbaycanın yeni formalaşan hərbi aviasiyasının pilotları kimi döyüşə qatılıb. Onların sırasında Feyruz Cəlilov da yer alıb. Mi-24 hərbi helikopteri ilə döyüşlərə qatılan kapitan Feyruz Cəlilov gecə-gündüz demədən müharibə bölgəsinə uçub, düşmən mövqelərinə zərbələr endirib, təhlükəli tapşırıqları yerinə yetirib.
1993-cü il avqustun 31-də Qubadlı səmasında gedən döyüşlərdən birində kapitan Feyruz Cəlilovun idarə etdiyi Mi-24 helikopteri düşmən tərəfindən vurulub. Helikopterin vurulması nəticəsində uçuş heyəti həlak olub. Beləliklə, ömrünü göylərə bağlayan Feyruz Cəlilov Vətən səmasında son uçuşunu həyata keçirərək şəhidlik zirvəsinə ucalıb.
Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Feyruz Cəlilov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
“O yaşlılığı biz görmədik...”
Feyruz Cəlilovun həyat yoldaşı Səlimə Cəlilovanın yaddaşında qalan maraqlı bir xatirə illər sonra tamam fərqli məna qazanıb.
Bir dəfə Rusiyadan ailəyə qonaq gələn rəssam ailə üzvlərinin portretini çəkib. Səlimə xanım həmin günü belə xatırlayır: “Gözəl qabiliyyəti var idi, hamımızın şəklini çəkdi. Bir az Feyruzu orada yaşlı göstərdi. Şəkil təsadüfən elə çıxdı, yoxsa özü elə çəkdi, bilmədim. Dedim ki, Feyruz, sən elə bil burada bir az yaşlı görünürsən? O da dedi ki, yaşlı olanda belə olacağam. O yaşlılığı biz görmədik...”
Bu sözlər illər sonra ailənin yaddaşında daha da ağır səslənir. Çünki Feyruz Cəlilovun yaşlılığını görmək, onunla ömrün sakit çağlarını yaşamaq ailəsinə nəsib olmayıb.
Bu gün onun oğlu Qabil atasının yolunu davam etdirir. Qızları Könül və Sevil isə müəllimlik sənətini seçiblər. Feyruzun doğulub boya-başa çatdığı Məşrif kəndindəki tam orta məktəb də onun adını daşıyır.
Feyruz Cəlilovun adı Azərbaycanın ilk hərbi pilotlarından biri, Qarabağ səmasında döyüşən qəhrəman kimi tarixə yazılıb. Lakin ailəsi üçün o, yalnız qəhrəmanlıq salnaməsinin bir parçası deyil. O, həyat yoldaşının ömür-gün yoldaşı, övladlarının atası, ailənin hər an qayıdacağını gözlədiyi doğmasıdır.
Feyruz Cəlilov itkin şəhiddir.
Aradan illər keçsə də, onun ailəsində gözlənti bitməyib. Çünki bəzi yolların sonu görünmür, bəzi gözləntilərin isə vaxtı olmur. Ailə hələ də Vətən səmasında son uçuşuna çıxan Feyruzun yolunu gözləyir.(Azərtac)
Mənbə: publika.az