2015-ci il təvəllüdlü kənd sakini boğazında olan artıq ətin götürülməsi üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Əməliyyatdan sonra evə buraxılan azyaşlı yaşadığı evdə vəfat edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, azyaşlı avqustun 26-da otorinolarinqoloji əməliyyat üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
2015-ci il təvəllüdlü pasiyentə adenoidlərin hipertrofiyası və xroniki tonzillit diaqnozları qoyulub və cərrahi əməliyyat icra edilib.
Açıqlamada qeyd edilib ki, pasiyentin müalicəsi əməliyyatdan sonra Reanimasiya şöbəsində davam etdirilib.
Avqustun 27-də saat 08:30 və 12:10-da azyaşlıda qanaxma müşahidə olunub. Pasiyent göstərilən reanimasiya tədbirlərinə cavab verməyib və həmin gün saat 13:40-da onun bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: oxu.az