Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşa qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Ramin Rəcəbovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Lent.az-a istinadla xəbər verilir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibi anket məlumatlarını dəqiqləşdirib, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələri izah edilib.
Qısa müşavirədən sonra məhkəmə tərkibi işin məhkəmə baxışına verilərək, 11 sentyabr saat 14:30-a təyin olunduğunu elan edib.
Xatırladaq ki, Səbail Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini, 1962-ci il təvəllüdlü Emin Ramiz oğlu Rəhimov bildirib ki, 2014-cü il martın 15-də Lermantov küçəsi, 46 ünvanının qarşısında tanışı, 1982-ci il təvəllüdlü Ramin Vaqif oğlu Rəcəbova 185 min 710 manat dəyərində kompüter və digər avadanlıqlar satıb. Şikayətçi Emin Rəhimovun sözlərinə görə, artıq 12 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ramin Rəcəbov aldığı malın pulunu verməyib.
Zərərçəkənin şikayətinə əsasən faktla bağlı cinayət işi açılıb, Ramin Rəcəbov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Mənbə: oxu.az