ABŞ-də ailə faciəsi - 8 nəfər öldü, 4-ü uşaqdır

ABŞ-də ailə faciəsi - 8 nəfər öldü, 4-ü uşaqdır

ABŞ-nin Montana ştatının Billinqs şəhərində evdə baş verən atışma və ardınca başlayan yanğın nəticəsində 4-ü uşaq olmaqla, 8 nəfər ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “ABC News” polisə istinadən məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanlarına evdə atışma olduğu barədə zəng daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları atəş səsləri eşidib və evin alov içində olduğunu görüblər.

Billinqs Polis Departamentinin rəsmisi Şon Mayo hadisəni “təsəvvürolunmaz faciə” adlandırıb.

Yellouston dairəsinin şerifi Kent O'Donnell hadisənin ilkin olaraq ailə münaqişəsi zəminində başladığını bildirib.

Polisin məlumatına görə, evdə 4 böyük və 4 uşağın öldüyü ehtimal edilir. Yanğın səbəbindən qurbanların qalıqlarının çıxarılması üçün işlər davam edir. Həlak olanların kimliyi və yaşları hələ açıqlanmayıb.

Hadisə ilə əlaqəli olduğu düşünülən şübhəli şəxs də ölüb. Polis evin həyətində bir kişini müşahidə edib. Özünə güllə yarası yetirdiyi ehtimal olunan şəxs xəstəxanaya aparılıb, lakin orada həyatını itirib.

Polis hadisə ilə bağlı başqa şübhəlinin axtarılmadığını və cəmiyyət üçün davam edən təhlükənin olmadığını açıqlayıb.

Mənbə: qafqazinfo.az