Çində beş yaşlı qız robotun zərbəsindən sonra dörd dişini itirdi: Ailə 38 min manat tələb edir

Çində beş yaşlı qız robotun zərbəsindən sonra dörd dişini itirdi: Ailə 38 min manat tələb edir

Çinin Syanyan şəhərində nümayiş zamanı robot beş yaşlı qızın üzünə zərbə endirib. Nəticədə uşaq dörd süd dişini itirib.

Bu barədə "Ifeng News" məlumat yayıb.

Məlumata görə, hadisə ötən ilin noyabrında uşaq bağçası şagirdlərinin muzeyə ekskursiyası zamanı baş verib. Lakin valideynlər və təqsirkar tərəf kompensasiya məbləği ilə bağlı razılığa gələ bilmədikləri üçün insident yalnız indi geniş ictimaiyyətə məlum olub.

Zərbədən sonra uşağa tibbi yardım göstərilib. Həkimlər qızın üst dodağındakı yaranı tikiblər. Ön dişlərindən biri hadisə zamanı sınıb, digəri isə boşalaraq bir müddət sonra düşüb. Sonrakı müalicə zamanı damağın zədələnməsi ilə əlaqədar daha iki süd dişi də tökülüb.

Muzeydən bildirilib ki, toqquşma robot operatorunun təhlükəsiz məsafəni düzgün hesablamaması nəticəsində baş verib.

Qızın anasının sözlərinə görə, uşaq yarım ildən çox müddətdə əsasən duru qidalarla qidalanıb. Damağındakı iltihab isə tez-tez hərarətinin yüksəlməsinə səbəb olub. Bundan əlavə, uşağın üzündə çapıq qalıb. Anası bu vəziyyətin qızının psixoloji durumuna da mənfi təsir göstərdiyini bildirib.

Hadisədən doqquz aydan çox vaxt keçməsinə baxmayaraq, uşağın valideynləri ilə insidentdə iştirak edən tərəflər kompensasiyanın məbləği ilə bağlı hələ də razılığa gələ bilməyiblər.

Ananın sözlərinə görə, muzey, uşaq bağçası və robot şousunun təşkilatçıları tibbi xərcləri ödəməklə yanaşı, məhkəməyəqədər həll çərçivəsində daha 20 min yuan (təxminən 5 min manat - red.) ödəməyə hazırdırlar. Ailə isə 150 min yuan (təxminən 38 min manat) məbləğində birdəfəlik kompensasiya tələb edir.

Valideynlər bu məbləğə indiyədək müalicə və nəqliyyat üçün çəkilən xərclərlə yanaşı, çapığın aradan qaldırılması və dişlərin müalicəsi üçün gələcəkdə tələb olunacaq vəsaiti də daxil edirlər.

Tərəflər arasında əsas fikir ayrılığı hələ həyata keçirilməmiş prosedurların, o cümlədən kosmetik bərpanın xərcləri ilə bağlıdır.

Mənbə: oxu.az