Toyda dava salan şəxs həbs edildi

Toyda dava salan şəxs həbs edildi

Sabirabad rayonunda toy məclisində dava salan şəxs həbs edilib.

Hadisə “Cavad” şadlıq sarayının qarşısında baş verib. 1992-ci il təvəllüdlü Asim Vəliyev (ad-soyad şərti verilib – red.) orada ucadan səs-küy salıb, polis əməkdaşının qanuni tələbinə tabe olmayıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510.1-ci maddələri ilə ittiham elan edilib.

İş üzrə izahat verən Vəliyev bildirib ki, “Cavad” şadlıq sarayında qohum toy mərasimində iştirak edib: “Bir qədər spirtli içki qəbul etdim. Məclisin gedişində oyun havası üstündə tanımadığım Sabirabad rayon sakini ilə mübahisəm oldu. Səs-küy yarandığı üçün məni şadlıq evinin qarşısına çıxardılar. Orada olarkən polis əməkdaşları yaxınlaşaraq məni şöbəyə dəvət etdi. Sonra məni polis şöbəsinə gətirdilər”.

Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 8 gün müddətinə həbs edilib.

Mənbə: publika.az