Qadının meyiti morqda qalıb, şəhid atası dəfn üçün 900-1200 manat pul istəyir

Qadının meyiti morqda qalıb, şəhid atası dəfn üçün 900-1200 manat pul istəyir

Suraxanı rayonu, Hövsan qəsəbəsində sakinləri hiddətləndirən və aidiyyəti qurumların təcili müdaxiləsini tələb edən acınacaqlı hadisə yaşanır.

Qəsəbədə məskunlaşan kimsəsiz və imkansız ailənin ağır itkisi böyük bir sosial biabırçılıqla nəticələnib.

Təxminən 2 il əvvəl azyaşlı övladını itirən Nərgiz adlı gənc qadın dünən qəfildən dünyasını dəyişib. Mərhumun nəşi hazırda Əhmədli qəsəbəsində yerləşən xəstəxananın morqunda saxlanılır.

Mərhumun anası Leyla xanımın sözlərinə görə, övladını Hövsan qəsəbəsindəki "Quşçuluq" məzarlığında, övladının yanında dəfn etmək istəsə də, ondan əvvəlcə 1200 manat, daha sonra isə 900 manat pul tələb olunub. Maddi imkanı olmayan tənha ana övladının nəşini morqdan çıxarıb torpağa tapşıra bilmir. Deyir ki, məzarlığın nəzarətçisi, şəhid atası Ədalət müəllimlə əlaqə saxlayıb. Lakin o, sükan arxasında olduğunu bildirərək köməkçisi Yaşar müəllimə yönləndirib. Yaşar müəllim əvvəlcə dəfn üçün problem olmadığını desə də, sonradan mövqeyini dəyişərək dəfn yeri üçün 900 manat ödənilməsini tələb edib.

Şikayətçi məsələ ilə bağlı Hövsan Bələdiyyəsinin sədri Seymur müəllimə müraciət etdikdə isə bələdiyyə sədri qəbiristanlıqların onların balansında olmadığını və bu məsələyə nəzarət etmədiklərini bəyan edib.

İmkansız ailədən tələb olunan bu vəsait qarşılığında rəsmi qəbz verilməməsi pulun kimlərin cibinə getməsi bərədə ciddi suallar doğurur. Tənha ana aidiyyəti qurumlardan və xeyriyyəçilərdən övladının dəfn edilməsi üçün təcili kömək rica edir.

Mənbə: musavat.com