Moskvanın Meşçanski Məhkəməsi Moskva vilayətinin Şelkovo şəhərindən olan 35 yaşlı fizik Maksim K.-nı dövlətə xəyanət ittihamı ilə həbs edib.
Bu barədə "Ostorojno, novosti" "Telegram" kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, alim 24 iyunda özünün ad günündə saxlanılıb. Lakin onun həbsi bu yaxınlarda elan edilib. İstintaq materialları məxfi saxlanıldığı üçün cinayət işinin təfərrüatları da gizli qalır.
Kanal Maksim K.-nın "Roskosmos"un tərkibində olan Moskva Mərkəzi Tədqiqat Maşınqayırma İnstitutunda (ÇNİİMAŞ) işlədiyini və aerodinamika üzrə bir neçə elmi məqalənin müəllifi olduğunu öyrənib.
"Telegram" kanalının məlumatına görə, alim 2016-cı ildə gənc mütəxəssis kimi "Sosial İpoteka" proqramı vasitəsilə mənzil alıbmış. O, tədqiqatları ilə yanaşı, öz biznesini də inkişaf etdirib. Ukraynada müharibə başlamazdan əvvəl onun mütəmadi olaraq Ukrayna və Moldovaya səfərlər etməsi də bildirilir. "Ostorojno novosti" maraqlı bir detala da diqqət çəkib: bu, 2019-cu ildən bəri dövlətə xəyanət işində ittiham olunan ən azı dördüncü ÇNİİMAŞ işçisidir.
Mənbə: publika.az