Türkiyədə 96 ildir qüvvədə olan və fahişəxanaların dövlət nəzarəti altında fəaliyyət göstərməsinə hüquqi əsas yaradan qanun müddəası ləğv edilib.
Musavat.com xəbər verir ki, Konstitusiya Məhkəməsi 1930-cu il aprelin 24-də qəbul edilmiş 1593 saylı “Ümumi gigiyena haqqında” qanunun 128-ci maddəsinin birinci bəndini ləğv edib.
2026-cı il iyulun 16-da qəbul edilən qərar noyabrın 17-də Türkiyənin rəsmi qəzetində dərc olunub.
96 illik hüquqi sistem ləğv edildi
Ləğv olunan qanun müddəası Türkiyənin Səhiyyə və Daxili İşlər nazirliklərinə fahişəxanaların fəaliyyətini tənzimləmək, onların üzərində dövlət nəzarətini həyata keçirmək və yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün qaydalar müəyyənləşdirmək səlahiyyəti verirdi.
Bu sistem çərçivəsində fahişəxanalar dövlətin müəyyən etdiyi qaydalar əsasında fəaliyyət göstərir, müvafiq icazələr alır və tibbi yoxlamalara cəlb olunurdu.
Lakin Konstitusiya Məhkəməsi belə bir fəaliyyətin dövlət tərəfindən tənzimlənməsinin insan ləyaqətinin qorunması prinsipi ilə ziddiyyət təşkil etdiyi qənaətinə gəlib.
Məhkəmədən sərt qərar: Dövlət insan bədəninin ticarətinə hüquqi təminat verməməlidir
Məhkəmə qərarında vurğulanıb ki, fahişəliyin ictimai sağlamlıq və təhlükəsizlik məqsədilə qanuni çərçivəyə salınması bu fəaliyyəti insan ləyaqətinə uyğun hala gətirmir.
Hakimlərin qənaətinə görə, dövlətin əsas vəzifəsi insanları fahişəliyə sövq edən sosial və iqtisadi səbəbləri aradan qaldırmaq, onların istismarına şərait yaradan şəxslərə və təşkilatlara qarşı mübarizə aparmaqdır.
Qərarda insanların maddi çətinliklərindən istifadə edilərək bədənlərinin kommersiya predmetinə çevrilməsinin dövlət tərəfindən tənzimlənməsinin insan hüquqlarının qorunması öhdəliyi ilə uzlaşmadığı bildirilib.
Konstitusiya Məhkəməsi bu əsaslarla qanun müddəasını Türkiyə Konstitusiyasının 5-ci və 17-ci maddələrinə zidd hesab edib.
Üç məhkəmənin müraciəti tarixi qərara səbəb oldu
Məlumata görə, proses Ərzurum Regional İnzibati Məhkəməsinin 3-cü palatası, Mardin 3-cü İnzibati Məhkəməsi və Türkiyə Dövlət Şurasının 4-cü palatasının müraciətləri əsasında başlayıb.
Müraciətlər yaşayış və iş yerlərinin müəyyən müddətə bağlanması və möhürlənməsi ilə bağlı inzibati qərarlardan irəli gəlib.
Məhkəmələr mövcud qanunun dövlət qurumlarına həddindən artıq geniş səlahiyyət verdiyini, fahişəxanaların fəaliyyəti ilə bağlı əsas hüquqi çərçivənin isə qanunda kifayət qədər dəqiq müəyyənləşdirilmədiyini bildiriblər.
Konstitusiya Məhkəməsi üç müraciəti birləşdirərək araşdırıb və qanun müddəasının ləğvinə yekdilliklə qərar verib.
Qanun layihəsinin hazırlanmasında əsas rol o dövrün səhiyyə naziri doktor Refik Saydama məxsus olub. O, layihənin Türkiyə Böyük Millət Məclisində qəbulunu da müdafiə edib.
Fahişəxanaların gələcəyi necə olacaq?
Türkiyə mətbuatının məlumatına görə, 1961-ci ildən tətbiq olunan və bu müəssisələrin fəaliyyət qaydalarını müəyyənləşdirən normativ sistemin əsas hüquqi dayaqlarından birinin aradan qalxması ciddi hüquqi qeyri-müəyyənlik yaradıb.
Musavat.com
Mənbə: musavat.com