Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqənin nəticələrinin imtahandan 9 ay sonra açıqlanması və müsahibə mərhələsində namizədlərə ünvanlanan bəzi suallar narazılığa səbəb olub. Xüsusilə namizədlərdən əvvəlcədən tanımadıqları məktəblə bağlı inkişaf planı təqdim etmələrinin tələb olunması müzakirə doğurub.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil üzrə mütəxəssis-ekspert Elmin Nuri müsabiqənin nəticələrinin gecikdirilməsinin obyektiv və subyektiv səbəblərinin araşdırılmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, əgər gecikmə nəticələrin daha dəqiq yoxlanılması, namizədlərin düzgün qiymətləndirilməsi və ən yaxşıların seçilməsi ilə bağlıdırsa, bunu normal qarşılamaq olar. Lakin başqa səbəblərdən qaynaqlanırsa, bu, yolverilməzdir.
Ekspert qeyd edib ki, müsabiqədə iştirak edən müəllimlər aylardır nəticələri gözləyir və bu məsələ ilə bağlı onlara tez-tez suallar ünvanlanır:
“Bəzən müəllimlərin səbirsizliklə gözlədiklərini görürəm. Bizdən də soruşurlar. Rəsmi məlumat olmadığı üçün hansısa cavab verə bilmirik. Gözləmək isə psixoloji olaraq insanı motivasiyadan salan mexanizmdir”.
Elmin Nuri müsahibə mərhələsində namizədlərdən əvvəlcədən tanımadıqları məktəbin inkişafı ilə bağlı konkret plan tələb edilməsini də obyektiv yanaşma hesab etmədiyini bildirib.
O qeyd edib ki, bu məsələdə beynəlxalq təcrübəyə nəzər salmaq, məktəb rəhbərlərinin seçimi zamanı hansı qiymətləndirmə meyarlarından istifadə olunduğunu araşdırmaq lazımdır.
Ekspertin fikrincə, namizədin tanımadığı məktəblə bağlı inkişaf planı hazırlaması bir sıra hallarda mənfi nəticələrə səbəb ola bilər:
“İnsan əvvəlcədən izlədiyi, araşdırdığı obyektlər arasında təhlil aparıb müqayisə edir və problemlərin həlli yollarını göstərir. Bir rəhbər üçün təhlil ilk növbədə təhlil obyektini tanımaqdan başlayır. Bu səbəbdən müəllimin əvvəlcədən tanıdığı məktəb üzərində qiymətləndirilməsi və konkret plan tələb olunması daha düzgün olardı”.
Müsahibədə bütün namizədlərə eyni standart sualların verilməsi, yoxsa fərdi yanaşmanın tətbiqi məsələsinə gəlincə, Elmin Nuri hər iki üsulun birləşdirilməsinin tərəfdarı olduğunu deyib.
Onun sözlərinə görə, müsahibədə həm bütün iştirakçılar üçün nəzərdə tutulan standart suallar, həm də namizədin fərdi xüsusiyyətlərinə uyğun hazırlanmış və ya spontan suallar yer almalıdır. Burada əsas məsələ balansın qorunmasıdır.
Ekspert əlavə edib ki, müsahibə mərhələsində daha praktik qiymətləndirmə mexanizmlərindən istifadə olunmalıdır. Namizədlərə konkret tapşırıqlar verilməli, problemlərin həlli istiqamətində plan hazırlamaq və onu əyani şəkildə nümayiş etdirmək imkanı yaradılmalıdır.
Mənbə: bizim.media