İnternet qəfil kəsilirsə, provayder məsuliyyət daşıyırmı? – Abonentlərin hüquqları

İnternet qəfil kəsilirsə, provayder məsuliyyət daşıyırmı? – Abonentlərin hüquqları

Gündəlik həyatın və biznes proseslərinin ayrılmaz hissəsinə çevrilən internet xidmətlərində baş verən qəfil kəsintilər istifadəçilər üçün ciddi problemlər yarada bilər. Xüsusilə iş, onlayn xidmətlər və digər fəaliyyətlər üçün internetdən istifadə edən abonentlər belə hallarda həm vaxt, həm də maddi itkilərlə üzləşirlər.

Bəs provayder internet xidmətini əvvəlcədən xəbərdarlıq etmədən hansı hallarda dayandıra bilər? İstehlakçının belə vəziyyətdə hansı hüquqları var və dəymiş zərərin əvəzi necə ödənilə bilər?

Mövzu ilə bağlı danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq Departamentinin müdiri, vəkil Fuad Məmmədov bildirib ki, internet xidmətinin əvvəlcədən xəbərdarlıq edilmədən dayandırılması, qanunvericilikdə və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, abonentin hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, provayder üzərinə düşən öhdəlikləri yerinə yetirmədikdə inzibati məsuliyyət daşıya və cərimə ilə üzləşə bilər.

“Əgər provayderin təqsiri nəticəsində xidmət dayandırılıbsa və ya xidmət lazımi qaydada göstərilməyibsə və bunun nəticəsində abonentə zərər dəyibsə, Mülki Məcəlləyə əsasən provayder öz risk dairəsinə daxil olan öhdəliklərin icra edilməməsi ilə bağlı məsuliyyət daşıyır və vurulmuş zərərin əvəzini ödəməlidir”, – deyə vəkil bildirib.

Fuad Məmmədov qeyd edib ki, hüquqları pozulan abonent dəymiş zərərin kompensasiyası üçün məhkəməyə müraciət edə bilər. Eyni zamanda, qanunvericiliklə nəzərdə tutulan hallarda aidiyyəti dövlət qurumlarına inzibati qaydada şikayət etmək də mümkündür.

Vəkilin sözlərinə görə, provayderlər texniki və inzibati problemlərin qarşısının alınması, eləcə də abonentlərin vaxtında məlumatlandırılması ilə bağlı öhdəliklərə ciddi əməl etməlidirlər.

“Praktikada provayderlər texniki və inzibati səhvlərin qarşısını almaq üçün uçot və məlumatlandırma öhdəliklərinə ciddi əməl etməli, xidmətin dayandırılması və ya dəyişikliklər barədə vaxtında məlumat verməlidirlər. Abonentlər isə hüquqlarının pozulması və zərərin ödənilməsi üçün inzibati və ya məhkəmə qaydasında müraciət edə bilərlər”, – deyə o vurğulayıb.

Vəkil bildirib ki, internet xidmətləri də istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin əhatə dairəsinə daxildir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, xidmət göstərən icraçılar, o cümlədən internet provayderləri istehlakçıların hüquqlarını pozduqları halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Fuad Məmmədov İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə də diqqət çəkib. Onun sözlərinə görə, istehlakçıların hüquqlarının pozulması, o cümlədən xidmətlərin göstərilməsi zamanı normativ sənədlərin tələblərinə əməl edilməməsi provayderin inzibati məsuliyyətə cəlb olunmasına səbəb ola bilər.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulmasına, habelə standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən xidmətlərin göstərilməsinə görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilə bilər.

Beləliklə, internet xidmətinin əsassız şəkildə və abonentə lazımi məlumat verilmədən dayandırılması istehlakçının hüquqlarının pozulmasına səbəb ola bilər. Belə hallarda abonent ilk növbədə problemin səbəbi və xidmətin bərpası ilə bağlı provayderə müraciət etməli, dəymiş zərər olduğu halda isə onun kompensasiyası üçün qanunvericilikdə nəzərdə tutulan hüquqi mexanizmlərdən istifadə etməlidir.

Mənbə: konkret.az