Kremldə “müsəlman” qadağası: Ərdoğanla görüş Putini qəzəbləndirdi, lakin Kadırov...

Kremldə “müsəlman” qadağası: Ərdoğanla görüş Putini qəzəbləndirdi, lakin Kadırov...

Son zamanlarda Rusiyadan Tatarıstanın rəhbəri Rüstəm Minnixanova qarşı təzyiqin gücləndiyi iddia olunur. Məlumata görə, Moskva respublika rəhbərinə beynəlxalq fəaliyyətini azaltmaqla bağlı siqnallar göndərib.

Onun son günlərdə Türkiyəyə səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşünün Kremldə narahatlıq yaratdığı bildirilir. “Kompromat.ru” nəşri Moskvanın Minnixanovun federal gündəmi nəzərə almadan xarici əlaqələr qurması, beynəlxalq forumlarda iştirak etməsi və xüsusilə müsəlman ölkələri ilə fəal qarşılıqlı əlaqələr yaratmasına görə narazı olduğunu yazır.

Kremlin Tatarıstanda hökumət dəyişikliyi edə bilərmi? Moskvanın narahatlığı nədən qaynaqlanır?

Politoloq Elxan Şahinoğlu bildirib ki, Tatarıstanın Rusiya daxilində imkanları və səlahiyyətləri kifayət qədər genişdir:

“Bu səbəbdən rəsmi Kazana irad bildirmək doğru deyil. Hətta bu, Rusiya üçün ciddi suallar doğurur. Ona qalsa, Çeçenistan lideri Ramzan Kadırov istədiyi vaxt xarici ölkələrə səfər edir. Son illərdə onun xüsusən Səudiyyə Ərəbistanına səfərləri intensivləşib. Hətta orada şəxsi sərvətinin olduğu deyilir. Amma Kremlinin Kadırova görə bu günə qədər heç bir narahatlıq keçirdiyi görünmür.

Təbii ki, Rusiya Prezidenti Vladimir Putin Kadırovun Moskvanın maraqlarına xidmət etdiyini və onun sözündən kənara çıxmadığını bilir. Amma Tatarıstan rəhbəri Rüstəm Minnixanova eyni etimad göstərilmir. Əslində, onun Türkiyə səfəri Rusiyaya problem yaratmır, əksinə, Moskva-Ankara münasibətlərinə töhfə verə bilər. Mən bu səfərin anti-Rusiya məqsədli olduğunu düşünmürəm. Türkiyə heç vaxt Rusiyada mərkəzdənqaçma siyasətini dəstəkləmir.

Tatarıstanın səlahiyyətləri ona xarici əlaqələr qurmağa imkan verir. Hətta rəsmi Kazanın Bakı ilə də yaxşı münasibətləri var. Əgər Minnixanovun səfəri sərt şəkildə tənqid olunursa, deməli bu yanaşmada qərəz var. Eyni tənqid Ramzan Kadırov üçün də edilməlidir”.

Mənbə: yenisabah.az