Dünya COVID-19 pandemiyasından sonra sağlamlıq sistemlərini bərpa etməyə çalışdığı bir vaxtda, Çinin cənub-qərbindəki Yunnan əyalətində aparılan yeni araşdırmalar narahatedici nəticələr ortaya qoyub.
Yenisabah.az xəbər verir ki, alimlər bölgədə yaşayan yarasalar üzərində geniş tədqiqatlar apararaq insan sağlamlığı üçün potensial təhlükə yaradan 22 müxtəlif virus aşkarlayıblar.
Mütəxəssislər qeyd edirlər ki, bu viruslardan 20-si elm dünyası üçün tamamilə yeni növlərdir. Araşdırmalarda xüsusilə iki virusun Henipavirus ailəsinə genetik baxımdan yaxın olduğu müəyyən edilib. Bu ailəyə daxil olan viruslar daha əvvəl insanlarda ölümcül beyin iltihabı (ensefalit) və ağır tənəffüs çatışmazlığına səbəb olub. pizza mizza
Virusların yayılma yolları ilə bağlı da diqqətçəkən məqamlar var. Araşdırma zamanı bəlli olub ki, viruslar yarasaların böyrəklərində də aşkar edilib. Bu da onların sidik vasitəsilə xarici mühitə keçdiyini göstərir. Meyvə yarasalarının sidiyi bağlardakı meyvələri və ya su mənbələrini çirkləndirə bilər. Bu isə virusun insanlar və ya heyvanlar vasitəsilə yayılma ehtimalını artırır. Mütəxəssislər bildirirlər ki, bu tip yoluxma hallarına daha əvvəl Banqladeş və Malayziyada Nipah virusu epidemiyaları zamanı rast gəlinib.
Henipavirus infeksiyalarının ölüm nisbəti də narahatedicidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Nipah virusu yoluxmalarında ölüm göstəricisi 40-75 faiz, Hendra virusunda isə təxminən 57 faiz arasında dəyişir.
Türkiyəli infeksionist Dr. Ayça Kaya bu tapıntıların təkcə virusoloji deyil, həm də ictimai sağlamlıq baxımından böyük əhəmiyyət daşıdığını bildirib. O deyib: “Henipaviruslara qarşı hazırda təsirli bir dərman və ya peyvənd mövcud deyil. Hələlik bu virusların insanlara keçdiyinə dair sübut yoxdur, lakin genetik yaxınlıq potensial təhlükəni açıq şəkildə göstərir. Sidik vasitəsilə yayılma ehtimalı da bu riski daha da artırır.”
Hazırda mütəxəssislər vəziyyəti diqqətlə izləyir və yeni virusların yayılma potensialı ilə bağlı əlavə araşdırmalar aparılır.
Aytac Əliyeva
Mənbə: yenisabah.az