Sosial şəbəkələrdə İranın hazırkı prezidenti Məsud Pezeşkianın müxalifət dövrünə aid görüntülər yayılıb. Həmin videoda Pezeşkian bir qrup şəxslə Azərbaycan dilində mübahisə edərək, İran hakimiyyətini sərt tənqid edir.
O, çıxışında bildirir ki, hökumətlər xalqa yalan danışırlar, İran büdcəsinə daxil olan 100 milyard dolların taleyi məlum deyil, havaya sovrulur, amma bunun müqabilində Təbriz-Səhənd arasındakı cəmi 140 kilometrlik yolun çəkilməsi 15 ildən artıqdır ki, mümkün olmur.
“Gələn hər bir prezident söz verir, amma heç nə etmir”, – deyə Pezeşkian həmin videoda vurğulayır.
Qeyd edək ki, prezident seçilməmişdən əvvəl Məsud Pezeşkian İran parlamentində deputat olub, eləcə də müxtəlif dövlət vəzifələrdə çalışıb.
Daim dürüst, tənqidi mövqeyi ilə seçilib, mövcud hökuməti açıq şəkildə tənqid edib.
Artıq o, ölkənin prezidenti olaraq, illər əvvəl müxalifətdə ikən səsləndirdiyi bu tənqidlərin reallaşdırılması üçün imkan əldə edib.
Doktor Pezeşkianı Azərbaycan türklərinin fəxri hesab edir və ona yeni fəaliyyətində uğurlar arzulayırıq.
Mənbə: www.musavat.com