Türkiyənin bu qüvvələrlə anlaşması Misiri də qorxuya saldı: ABŞ-dan xahiş etdilər ki...

Türkiyənin bu qüvvələrlə anlaşması Misiri də qorxuya saldı: ABŞ-dan xahiş etdilər ki...

Liviyanın şərqindəki qüvvələrə nəzarət edən Xəlifə Haftara bağlı Tobruk Nümayəndələr Palatasının Türkiyə ilə dəniz yurisdiksiyasının sərhədlərinin müəyyən edilməsinə dair razılaşmanı təsdiqləmək üzrə olduğu barədə xəbər vermişdik.

Publika.az xəbər verir ki, bundan bəzi ölkələrin narahat olduğu deyilir. Yunanıstandan sonra Misirin də hərəkətə keçdiyi bildirilir. Misirin “Middle East Eye” nəşri xəbər verir ki, Qahirə hökuməti Şərqi Liviya parlamentinin Türkiyə ilə dəniz yurisdiksiyası sazişini təsdiqləməməsi üçün ABŞ-dan müdaxilə etməyi xahiş edib.

Misir rəsmiləri “Middle East Eye”a bildiriblər ki, Nümayəndələr Palatasının sazişi təsdiqləməsi “Misirin Qəzza və Sudandakı müharibələrin nəticələri ilə mübarizə apardığı bir vaxtda Aralıq dənizinin şərqində gərginliyi artıra bilər”.

Rəsmilər bildiriblər ki, Misir xarici işlər naziri Bədr Abdulati keçən ay ABŞ-ın Afrika üzrə müşaviri Massad Boulos ilə telefon danışığında ABŞ-ın iştirakı məsələsini qaldırıb və o, Boulosun Xəlifə Haftara zəng edərək məsələni müzakirə edəcəyini bildirib. Misir rəsmiləri bildiriblər ki, Türkiyə Neft Şirkəti ilə Tripolidə yerləşən Liviya Milli Neft Şirkəti arasında ötən ay imzalanan və dörd dəniz blokunda neft kəşfiyyatını nəzərdə tutan müqavilə Misirin müstəsna iqtisadi zonasını poza bilər.

Türkiyə ilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan Milli Razılıq Hökuməti arasında 2019-cu ildə Tripolidə imzalanan dəniz sərhədi sazişi o zaman Tobrukdakı Nümayəndələr Palatası tərəfindən tanınmayıb. Yunanıstan da o zaman Misirlə öz müqaviləsini imzalamışdı . Ancaq Tobruk və Ankara arasındakı münasibətlərdə son müsbət dəyişikliklə birlikdə Afina və Qahirənin gərgin diplomatik səylərinə baxmayaraq, Haftarın bu razılaşmanı təsdiqləməyə getdikcə yaxınlaşdığı xəbəri ortaya çıxdı. İddia olunur ki, Liviya-Türkiyə xəttindəki inkişaflara qarşı hərəkətə keçən Yunanıstan rəhbərliyi Misirin də prosesə daxil olmasını istəyir. Yunanıstan xarici işlər naziri George Ierapetritisin də Liviyaya getdiyi bildirilir.

Tural

Mənbə: publika.az